
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri, iki ölkə arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər zamanı dövlət başçısının mətbuata verdiyi bəyanatlar, xüsusilə Macarıstanın müstəqil siyasət yürütməsi ilə bağlı söylədikləri, beynəlxalq münasibətlər sistemində aktual məsələ olan suverenlik və siyasi iradə mövzusuna dəyərli töhfə oldu. Cənab Prezident bəyanatında Macarıstanı “müstəqil siyasət aparan nadir ölkələrdən biri” kimi xarakterizə edərək, bu ölkənin milli maraqlara əsaslanan siyasi xəttini yüksək qiymətləndirmişdir. Bu ifadə, bir tərəfdən Macarıstanın beynəlxalq təzyiqlərə rəğmən milli maraqlarını qorumaq əzmində olduğunu göstərir, digər tərəfdən isə Azərbaycanın da belə tərəfdaşlarla əməkdaşlığı prioritet hesab etdiyini vurğulayır. Azərbaycan və Macarıstan arasında münasibətlər qarşılıqlı etimada və suverenliyə hörmət prinsiplərinə əsaslanır. Bu kontekstdə Macarıstanın Azərbaycanla enerji sahəsində əməkdaşlığa verdiyi önəm, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu artırır. Prezident İlham Əliyev bu məsələyə toxunaraq, Macarıstanın Azərbaycanın enerji daşıyıcılarına olan marağının iki ölkə arasında iqtisadi inteqrasiyanı daha da dərinləşdirəcəyini bildirmişdir. Eyni zamanda, Cənab Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Macarıstanın Azərbaycana daim hörmətlə yanaşması və 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni regional reallıqları qəbul etməsi, iki ölkənin ortaq strateji maraqlarının göstəricisidir. Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bu ölkənin prinsipial və obyektiv xarici siyasət yürütməsinin bariz nümunəsidir. Nəticə etibarilə, Cənab Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı səsləndirdiyi fikirlər, müasir beynəlxalq münasibətlərdə müstəqil siyasət aparan ölkələrin bir-birinə verdiyi dəstəyin nə qədər vacib olduğunu göstərdi. Macarıstan kimi tərəfdaşlarla əməkdaşlıq, Azərbaycanın xarici siyasət kursunun mühüm tərkib hissəsi olaraq qalır və bu münasibətlər gələcəkdə daha da inkişaf edəcəkdir.
Nizami Şahvələdov,
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri