
Dünyadakı geosiyasi dinamikaların dəyişməsi, yeni və çətin reallıqların meydana çıxmasına səbəb olub. Asiya ilə Avropa arasında yerləşən iki beynəlxalq ticarət yolu, indiki dövrdə daha da qəlizləşmiş vəziyyətlərlə üz-üzədir. Bu yolların önəmi isə gün keçdikcə artır.
Rusiya-Ukrayna müharibəsi, Çinin şimal qonşusunun ərazisi üzərindən Avropaya gedən ticarət marşrutunu tamamilə bağlamışdır. Eyni zamanda, Qırmızı dənizdən Süveyş kanalına doğru uzanan dəniz yolu, Yəməndəki Husi qüvvələrinin ticarət gəmilərinə qarşı hücumları ilə daha da gərginləşir. Bu bir araya gələn amillər, global ticarət sistemini sarsıdır, amma bir ümid işığı var. Bu çətinlikləri aşma məqsədilə Orta dəhlizin istifadəsi diqqətləri cəlb edir. Bu yeni qlobal marşrut, beynəlxalq aləmdə ciddi maraq doğurur və strateji əhəmiyyətini artırır. Dünya iqtisadiyyatının əsas aktorları, bu yolların türk dövlətləri tərəfindən idarə edilməsini yaxından izləyir.
Beləliklə, indiki geosiyasi vəziyyət, türk dövlətlərinin rolunu daha da önə çıxarır. Onların birgə fəaliyyəti, yalnız öz iqtisadi inkişaflarına deyil, eyni zamanda, qlobal ticarət marşrutlarının dinamikasını canlı saxlamağa da xidmət edir. Bu, regionda ticarət və əməkdaşlıq üçün yeni perspektivlər açır; türk dövlətlərinin bir araya gəlməsi, bir əlahiddə güc mərkəzi yaratmağa imkan tanıyır. Bu kontekstdə, 21 may tarixində Budapeştdə keçirilən zirvə görüşü, Türk dövlətlərinin inkişafı üçün vacib bir mərhələ olaraq diqqət çəkdi. Eyni zamanda, bu tədbir Azərbaycanın regiondakı strateji rolunu da açıq şəkildə vurğuladı.
Zirvə görüşünün əsas müzakirə məsələlərindən biri, Türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi və regional inteqrasiya oldu. Azərbaycanın Xəzər dənizindəki ticarət gəmiləri, bu əməkdaşlığa mühüm dəstək verərək, enerji, kənd təsərrüfatı məhsulları və digər ixracat mallarının daşınmasında kritik rol oynayır. Görüş, Azərbaycanın bu tranzit imkanlarının qlobal ticarət marşrutları üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi.
Xəzər dənizində 50-dən çox ticarət gəmisinə sahib olan Azərbaycan, türk dövlətlərinə mühüm tranzit və logistika xidmətləri təqdim edir. Bu imkanlar, region ölkələrinin Avropa və Asiya bazarlarına çıxışında önəmli bir körpü rolunu oynayır. Hal-hazırda Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəminin inşası həyata keçirilir ki, bu da ticarət donanmasının gücləndirilməsi məqsədini güdür. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin gələcək illərdə 15 milyon tondan 25 milyon tona yüksəldilməsi planlaşdırılır. Bu addım, Azərbaycanın nəqliyyat hübümü kimi rolunu daha da möhkəmləndirəcək və Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri üçün alternativ və etibarlı marşrutlar yaradacaq.
Eyni zamanda, Prezident İlham Əliyev hava nəqliyyatı sahəsində qazanan digər uğurlara da diqqət yetirib. Azərbaycanda hal-hazırda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir və 9-cu hava limanının istifadəyə verilməsi yaxın zamanlarda gözlənilir. Bu hava limanlarının 3-ü işğaldan azad olunmuş ərazilərdə yerləşir, bu isə həmin bölgələrin sürətlə bərpasına və regional nəqliyyat imkanlarının artırılmasına yardım edir. Üstəlik, illik 1,5 milyon ton yük qəbul edə biləcək yeni karqo terminalı da Azərbaycanın regional logistik mərkəzə çevrilməsi məsələsinə mühüm bir töhfədir.
Nəticə etibarilə, 21 may Budapeştdəki zirvə görüşü, Azərbaycanın ticarət və siyasi arenada əhəmiyyətini artıraraq, Türk dövlətləri ilə olan əməkdaşlığın dərinləşməsini təşviq edir. Bu tədbir, regionda siyasi stabillik və iqtisadi qarşılıqlı əlaqələrin inkişafını dəstəkləməklə, Azərbaycanın strateji mövqeyini daha da gücləndirdi.
Beləliklə, Azərbaycanın liderlik rolu, yalnız öz iqtisadiyyatını gücləndirmək ilə kifayətlənməyib, eyni zamanda, Türk dünyası arasında dayanışma və birliyin möhkəmlənməsini təmin edir. Bu yolla, Azərbaycanın geosiyasi əhəmiyyəti daha da artaraq, regional və beynəlxalq səviyyədə müsbət təsir yaratmağa davam edəcək.
Nəticə olaraq, bu birliyin həyatın müxtəlif sahələrində göstərdiyi irəliləyiş, gələcək nəsillərə sağlam bir irs buraxmağın, əməkdaşlıq və həmrəyliyin nə dərəcədə vacib olduğunu bir daha sübut edir. Türk dövlətlərinin birgə fəaliyyəti ilə, biz yalnız öz regionumuzda deyil, eyni zamanda beynəlxalq aləmdə də daha parlaq bir gələcək qura bilərik.
Sevinc Abdurəhimova
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsləhətçisi YAP Şəki rayon təşkilatının partiya fəalı