AnalitikaGündəmSiyasət

Azərbaycan-Macarıstan siyasi əlaqələri yeni mərhələdə

Bu gün Azərbaycan-Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri,  tarixən Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr hər iki ölkənin rəhbərlərinin səyləri ilə yüksək səviyyədədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin mayın 20-də  Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə növbəti işgüzar səfəri bunun bariz nümunəsidir. Qeyd edək ki, iki ölkə arasında  diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Dost ölkələrimiz arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir.  Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan  onlarla  sənəd hüquqi bazanın möhkəmlənməsində mühüm rol oynayır. Əlaqələrimizin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Macarıstan əməkdaşlığı  2023-cü ildə  imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da möhkəmlənibdir.

Hər zaman müstəqillik və suverenlik prinsiplərindən çıxış edən ölkələrimiz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər. Azərbaycanla Macarıstanın münasibətləri isə həm dövlət maraqlarına, həm cəmiyyətlərin qarşılıqlı rəğbətinə, həm də tarixə bağlıdır. Türk kökənliyi iki ölkəni və xalqı bir araya gətirən ən etibarlı bağdır. Azərbaycan getdikcə qlobal güc mərkəzlərindən birinə çevrilməkdə olan Türk Dövlətləri Təşkilatının (TDT) əsasının qoyulmasında mühüm rol oynayan dövlətlərdən biridir və hazırda da qurumun funksionallığının artmasına sanballı töhfələr verir. Cənab İlham Əliyevin Macarıstana davamlı xarakter alan səfərləri, eləcə də, Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana səfərləri əməkdaşlığın dinamikasını və siyasi ruhunu daha da gücləndirib, əsl dostluq platforması formalaşdırıb. Təsadüfi deyil ki, V.Orban Azərbaycanı öz doğma Vətəni adlandırır. Eləcə də Cənab İlham Əliyev Macarıstanı öz doğma evimiz hesab etdiyini bildirir. İlk dəfə olaraq Türk Dövlətləri Təşkilatının ikinci qeyri-rəsmi Zirvə görüşünün Macarıstanda keçirilməsi isə bu ölkənin Türk ailəsinin bir parçası, ayrılmaz tərəfdaşı olmasını göstərir. Bu təşkilata tamhüquqlu üzv olmasa da, Macarıstan Türk dövlətləri üçün eyni strateji dost və qardaş ölkədir, bütün məsələlərdə onlarla həmrəydir.

Macarıstanın bu ailədə öz layiqli yerini tutmasında, daha aktiv iştirakçıya çevrilməsində Azərbaycanın liderliyi isə diqqətdən qaça bilməz. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı olan Azərbaycan ilk Zirvə toplantısını ötən il Şuşa şəhərində təşkil etməklə xoş ənənənin əsasını qoyub və bu mütərəqqi modeli Şərqi-Avropa regionuna gətirir. Prezident cənab İlham Əliyevin bəyan etdiyi kimi Şuşa Zirvəsindən sonra estafetin Macarıstana verilməsi alqışlanmalıdır. Bu, bir daha onu göstərir ki, Macarıstan öz milli ənənələrinə, tarixi köklərinə bağlı olan dövlət kimi Türk dünyasının, Azərbaycanın daimi sadiq tərəfdaşıdır, Şuşadan sonra mötəbər toplantının ona həvalə edilməsi də təsadüfi deyil.

Azərbaycan–Macarıstan münasibətləri qarşılıqlı hörmət, etimad və strateji maraqlara əsaslanır. İki ölkə arasında yüksəksəviyyəli səfərlər münasibətlərin inkişafına təkan verib. Azərbaycan ilə Macarıstan strateji dialoqu davam etdirmək, ticarət, investisiya, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir. Prezident cənab İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Azərbaycanla Macarıstan emerji sahəsində də fəal əməkdaşlıq edir. Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı ölkəmizin Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə biləcəyini söyləyərək vurğulayıb: “Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək.

Azərbaycan Prezidenti bütün başqa məsələlərdə də hər iki ölkənin dost və qardaş kimi birgə fəaliyyət göstərdiyini bildirib: “Bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Bildiyiniz kimi, Macarıstanın təşəbbüsü ilə sabah ikinci qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir.” Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri bir daha möhkəm təmələ əsaslanan münasibətlərimizin gələcək inkişafının aydın mənzərəsini təqdim etdi. Bu səfər eyni zamanda bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq, Azərbaycan-Macarıstan əlaqələrində yeni mərhələ olacaq.

Röya Vəkilova
Xəzər rayonu, R. Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button