
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdə Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlərin 30 il ərzində mövcud olmasına baxmayaraq, ölkələrimizin dostluq təmaslarının hələ keçən əsrin 50-ci illərinin sonlarına təsadüf etdiyi vurğulanıb, həmin dövrdən etibarən Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, Ulu Öndər Heydər Əliyevin isə SSRİ rəhbərliyində olduğu zaman Vyetnama səfərləri məmnunluqla xatırlanıb.
Dövlətimizin başçısı özünün Vyetnama səfərinə toxunub, Baş katib To Lamın ölkəmizə səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasını əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini vurğulayıb.
Söhbət zamanı Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsinin və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində əməli fəaliyyətin vacibliyi vurğulanıb.
Enerji və birgə investisiya layihələri müzakirə olunub, mədəni, humanitar sahələrdə əməkdaşlığın böyük perspektivinin olduğu qeyd edilib. Həmçinin müxtəlif sahələrdə təhlükəsizlik, müdafiə və kibercinayətkarlığa qarşı mübarizə sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, bütün sahələrdə təmasların artırılmasının vacibliyi vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı qəbul etdilər.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long mübadilə etdilər.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Vyetnamın milli müdafiə naziri Phan Van Giang mübadilə etdilər.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı”nı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və Vyetnamın ədliyyə naziri Nguyen Hai Ninh mübadilə etdilər.
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “PetroVietnam” Şirkətinin Müşahidə Şurasının sədri Le Mahn Hung mübadilə etdilər.
“SOCAR Trading Singapore PTE LTD” ilə “Binh Son Refining and PetrochemicaI JSC” arasında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Binh Son Refining” Şirkətinin Müşahidə Şurasının sədri Bui Ngoc Duong mübadilə etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Vyetnamın elm və texnologiya naziri Nguyen Manh Hung mübadilə etdilər.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Vyetnamın mədəniyyət, idman və turizm naziri Nguyen Van Hung mübadilə etdilər.
Səfər çərçivəsində, həmçinin “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Vyetnam İnformasiya Agentliyi arasında əməkdaşlıq Sazişi” və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VİNEN) arasında Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb.
Vyetnam tərəfinin öz ixrac marşrutlarının şaxələndirilməsində maraqlı olduğu vurğulanıb və bu baxımdan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaxşı imkanlar yaratdığı qeyd edilib.
Görüşdə Vyetnamın öz tarixində işğaldan əziyyət çəkdiyi, azadlıq müharibəsi nəticəsində ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu xatırlanıb. Eyni zamanda, Azərbaycanın da 30 ilə yaxın dövr ərzində Ermənistanın işğalından əziyyət çəkdiyi, Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü və suverenliyini təmin etdiyi vurğulanıb.
Baş katib To Lam Vyetnamın azadlığı uğrunda mübarizəsində və bu ölkənin birləşməsi prosesindən sonra quruculuq və bərpa işlərində Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.
Söhbət zamanı vyetnamlı tələbələrin Azərbaycanda təhsil aldığı xatırlanıb, bu gün də həmin şəxslərin Vyetnamın inkişafında mühüm rol oynadıqları bildirilib, Vyetnamda Azərbaycanda təhsil almış tələbələrin Assosiasiyasının fəaliyyət göstərdiyi vurğulanıb.
Görüşdə Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Baş katib To Lam Prezident İlham Əliyevi Vyetnama səfərə dəvət edib. Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul edib.
Bayramova Sürayə
Xəzər rayonu, Ə. Quliyev adına 121 nömrəli tam orta məktəbin tarix müəllimi