AnalitikaGündəmSiyasət

HEYDƏR ƏLİYEV ÜÇÜN ƏN ŞƏRƏFLİ, ƏN ÜLVİ AD MÜƏLLIM ADI İDİ

Bəşər cəmiyyətinin bütün dövrlərində insanları mənəvi təmizliyə, əxlaqi kamilliyə, bəşəri ideallara səsləyən və bu yolda özlərini fəda edən insanlar olub. “Müəllim” adının daşıyıcıları olan bu şəxslər təkcə elmi-nəzəri bilikləri, pedaqoji fəaliyyətləri ilə deyil, şəxsi nümunələri ilə də örnək olmuş, mənəvi tərəqqiyə xidmət göstərmişlər. İctimai-iqtisadi, sosial həyatın bütün sahələri üçün mütəxəssis yetişdirən bu insanların ömür yolu da  fərdilikdən çıxaraq  ictimailəşmişdir. Həqiqi müəllim adını daşıyanlar tarixin ən çətin dövrlərində mətanətli, dözümlü olmuş, mənəvi təmizliyi hər şeydən üstün tutmuşlar. Buna görə də hər bir insan  ömrü boyu qəlbində minnətdarlıqla, ehtiramla bir müəllimin  xatirəsini yaşadır,  özünü ona mənən borclu sayır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev  də müəllimə həmişə yüksək qiymət vermiş, öz müəllimləri qarşısında  ehtiram və minnətdarlığını etiraf etmişdir. Onun bu şərəfli peşə sahibləri haqqında fikirləri qloballaşan cəmiyyətdə gənc nəslin tərbiyələnməsi və bu adın statusunun əhəmiyyətliliyi üçün qoyub getdiyi əvəzsiz mirasdır. “Mənim üçün müəllim adı həmişə ən ülvi, ən şərəfli bir məfhum olubdur. Mən bu gün müəllim qarşısında baş əyirəm, müəllimə hörmət və ehtiramımı bildirirəm” deyən Ulu Öndər insan cəmiyyətində mənəviyyatın ən yüksək yerdə dayandığını bildiyindən müəllimin də  mənəvi-əxlaqi kamilliyinə xüsusi fikir verirdi. O xüsusilə orta məktəb müəllimləri qarşısında bu mənada ciddi tələblər qoyur, müəllim nüfuzunun sarsılmasına,  ona xələl gətirə biləcək  hallara qarşı narahatlığını bildirirdi.

Azərbaycan müəliminin mənəvi siması ümummilli lideri hələ postsovet dönəmi hakimiyyət illərində düşündürürdü. Gənclərlə görüşlərindən birində o demişdi: “Müəllim məktəbdə örnək olmalı, dərslərdə və sinifdənkənar  məşğələlərdə təbliğ etdiyi əxlaq normalarını öz şəxsi nümunəsi ilə möhkəmləndirməlidir. Davranışında da, söz-söhbətində də, geyimində də. Axı hər bir müəllimi daim onlarca diqqətli tələbkar uşaq gözü müşahidə edir. Uşaqlar isə saxtakarlığı xüsusilə tez görüb duyurlar. Onlar öz tərbiyəçilərinin  sözü ilə işi arasındakı fərqin üstündən keçmirlər. Buna görə də müəllimin mənəvi aləmi, zahiri siması uşaqlara aşılamaq istədiyimiz ideala uyğun gəlməlidir”. Müəllimin ideya aləmi, baxışlarının sabitliyi, hərəkətlərinin ardıcıllığı, maraq dairəsinin genişliyi və səmimiliyi də Heydər Əliyevin fikrincə, müəllimin əsas keyfiyyətləridir.

Heydər Əliyev müəllimi həyatında ən ali sima sayır, dünyanın çox mərhələlərini keçib gəldiyi həyatında daxili istedadı ilə yanaşı, onların verdiyi bilik və tərbiyəni, göstərdikləri yolu da qiymətləndirirdi. Məhz müəllim öz şagirdlərinə dövlətçilik ideologiyası, vətənpərvərlik  hisslərini aşılamalı, yaxşını müdafiə etməli, adət-ənənələri qorumağı, cəmiyyətin hər bir üzvündə  şəxsiyyətbütövlülük, əxlaqi saflıq tərbiyə etməlidir.

Təhsilin bütün pillələrində − istər orta, istərsə də ali təhsildə  müəllim Heydər Əliyev fəlsəfəsində aparıcı sima olmuşdur. Azərbaycan elmini, mədəniyyətini, iqtisadiyyatını, ictimai-sosial həyatını inkişaf etdirəcək yeni nəslin − gənclərin qeydinə qalmağı, onlara qayğıkeş münasibət göstərməyi, müstəqil həyatda sərbəst və layiqincə çalışmağa hazırlaşmağı o, ali məktəb müəlliminin müqəddəs vəzifəsi sayırdı. Orta məktəb müəllimindən fərqli olaraq, ali məktəbdə çalışan hər bir adamın yüksək məsuliyyət daşıdığını Heydər Əliyev tələbə və gənclərlə, təhsil işçiləri ilə görüşlərində xüsusi vurğulayır, diplom və ya elmi dərəcənin dərs demək üçün kifayət etmədiyini göstərirdi. Fənni bilməklə yanaşı, hərtərəfli məlumatlılıq, ideyalılıq, dünyagörüşü və başqa bu kimi keyfiyyətlərin zəruriliyinə o, ali məktəb müəliminin tərbiyəçi funksiyasını da əlavə edir. ”Yüksək  mənəvi keyfiyyətə malik olmaq, daim ünsiyyətdə olduğı gənclərə nümunə göstərmək müəllimin borcudur. Əgər müəllim bütün bu keyfiyyət kompleksinə  malik deyilsə, əgər öz sahəsində  səriştəli mütəxəssis  və  gənc nəslin həqiqi tərbiyəçisi  olmağa çalışmırsa, deməli, o, ali məktəbdə müəllim peşəsi üçün yaramazdır.

Müstəqillik illəri hakimiyyəti dövründə − respublikanın böhranlı günlərində də müəllimlərin maddi vəziyyəti  ölkə rəhbərinin diqqətindən kənarda qalmırdı. Azərbaycan xalqının yüksək təhsil, elm, mədəniyyət səviyyəsinin, şüur səviyyəsinin müəllimin xidməti ilə qazanıldığını gözəl bilən Heydər Əliyev əmək haqqı zəhmətindən qat-qat aşağı olan Azərbaycan müəllimlərinin bütün nəsillərinə ehtiramını bildirir, həyatın ağır sınaqlarında nüfuzlarını qorumağı tövsiyə edirdi: “Müəllimlərin maddi vəziyyəti bizi narahat edir….Bu məsələlərə bir neçə dəfə baxmış, imkan daxilində müəllimlərin əmək haqqını  artırmağa çalışmışıq. Müəllim sözü o qədər güclü, müəllim adı o qədər yüksək, o dərəcədə müqəddəsdir ki,  müəllimlər gərək bu  çətinliklərə dözsünlər,  gənc nəslin təlim-tərbiyəsi  ilə məşğul olsunlar… Müəllim adı öz nüfuzunu iritməməlidir. Müəllim çalışmalıdır ki, özünün müqəddəs vəzifəsini ömrünün axırınadək layiqincə yerinə yetirsin”.

Ulu Öndər Heydər Əliyevin müəllim peşəsinə vurğunluğu və bu sənət sahiblərinə ehtiramı onun ideya-nəzəri irsində hərtərəfli əks olunmuşdur.

Günay ALIYEVA

Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

 

Oxşar Xəbərlər

Back to top button