
Mövcud dövlətlərarası münasibətlərimiz tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı hörmətə əsaslanaraq bu gün də dinamik şəkildə inkişaf etməkdədir. İran İslam Respublikasının Prezidentinin 2025-ci il aprelin 28-də Azərbaycana reallaşdırdığı rəsmi səfər, bu münasibətlərin yüksək səviyyədə olduğunu, eyni zamanda strateji tərəfdaşlıq istiqamətində atılan ardıcıl və məqsədyönlü addımların davam etdirildiyini aydın şəkildə nümayiş etdirir.
Səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında keçirilmiş görüşlərdə geniş və əhatəli müzakirələr aparılmış, müxtəlif sahələri əhatə edən mühüm məsələlər ətrafında fikir mübadiləsi gerçəkləşdirilmişdir. Bu dialoqlar, Azərbaycan ilə İran arasında strateji əməkdaşlığın real məzmun daşıdığını, hər iki tərəfin qarşılıqlı maraqları nəzərə almaqla münasibətlərin gələcək inkişafına sadiq qaldığını bir daha təsdiqləmişdir. Danışıqlar səmimi və qarşılıqlı anlayış mühitində keçmiş, tərəflər qarşı tərəfin mövqeyinə hörmətlə yanaşaraq əməkdaşlığın istiqamətləri üzrə ortaq baxışlarını ortaya qoymuşlar.
Xüsusi qeyd olunmalıdır ki, İran Prezidentinin geniş tərkibli nümayəndə heyəti ilə Azərbaycana səfəri bu görüşə verilən strateji önəmin bariz ifadəsi olmaqla yanaşı, imzalanmış çoxsaylı sənədlər, o cümlədən prezidentlər səviyyəsində rəsmiləşdirilmiş razılaşma, tərəflərin qarşılıqlı siyasi iradəsinin güclü olduğunu göstərir. Bu sənədlər yalnız siyasi dialoqun təzahürü deyil, həm də iqtisadi, nəqliyyat, mədəniyyət və informasiya sahələrində real əməkdaşlığın yol xəritəsini müəyyən edir.
Bütün bu məqamlar bir daha sübut edir ki, Azərbaycan və İran yalnız qonşu ölkələr deyil, eyni zamanda bölgədə sabitlik, inkişaf və qarşılıqlı rifah naminə birlikdə çalışan tərəfdaşlardır. Dövlət başçılarının səyləri nəticəsində münasibətlər getdikcə daha çox istiqamət üzrə dərinləşir, iki ölkə arasında etimada əsaslanan yeni bir əməkdaşlıq modeli formalaşır. Bu isə yalnız bu gün üçün deyil, uzunmüddətli perspektivdə də iki dövlətin maraqlarına xidmət edən sabit və etibarlı münasibətlərin əsasını təşkil edir.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlərin formalaşması və inkişafı dərin tarixi köklərə, mədəni-mənəvi ortaq irsə əsaslanır. Bu gün iki qonşu ölkənin münasibətləri təkcə coğrafi yaxınlıqla deyil, həm də qarşılıqlı hörmət, etimad və strateji əməkdaşlıq meyarları ilə səciyyələnir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşdə ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılmış, müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanmışdır. Bu sənədlər arasında siyasi məsləhətləşmələr, nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq, dənizçilik üzrə sertifikatların qarşılıqlı tanınması, mədəniyyət və media əlaqələrinin inkişafı üzrə memorandumlar xüsusi yer tutur. Tərəflər həmçinin iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair konkret tapşırıqlar müəyyənləşdirmişdir.
İran Prezidentinin səfəri ərəfəsində aparılmış hazırlıq işləri, yüksək vəzifəli nümayəndələrin qarşılıqlı səfərləri və müzakirələr, bu görüşün planlı və sistemli xarakter daşıdığını göstərir. Prezidentlərin birgə bəyanatında da vurğulandığı kimi, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində – xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində – bir-birinin mövqelərini daim dəstəkləyir, ortaq maraqlara əsaslanan fəaliyyət strategiyası həyata keçirir. Xüsusi diqqət çəkən məqamlardan biri də Şimal–Cənub nəqliyyat dəhlizi layihəsinin inkişafı məsələsidir. Azərbaycan bu layihənin reallaşması üçün ərazisində zəruri infrastruktur layihələrini artıq tamamlamış və artmaqda olan yük daşımalarını nəzərə alaraq yeni sərmayə proqramlarını reallaşdırmağa başlamışdır. Bu dəhliz yalnız iqtisadi mənfəət deyil, eyni zamanda regionda nəqliyyat təhlükəsizliyinin və logistik birliyin təminatçısı kimi strateji əhəmiyyətə malikdir.
Humanitar sahədə isə ortaq mədəni irsin qorunması və təşviqi yönündə əməkdaşlıq gündəmə gətirilmiş, qarşılıqlı mədəniyyət günlərinin təşkili ilə bağlı razılıq əldə olunmuşdur. İki xalqın əsrlərlə bir məkanda birgə yaşamış olması, bu gün də milli mədəniyyətlərin inkişafına birgə töhfələr verilməsi üçün zəmin yaradır. Prezident İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, regiondakı məsələlərin bilavasitə bölgə ölkələri tərəfindən həll edilməsi əsas prinsip kimi qəbul edilir. Bu yanaşma dövlətlərin suverenliyinə hörmət və ərazi bütövlüyünün təmin edilməsi kimi fundamental beynəlxalq hüquq normalarına əsaslanır. Bu baxımdan, Azərbaycan–İran dialoqu yalnız ikitərəfli səviyyədə deyil, regional və beynəlxalq sabitliyin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Məsud Pezeşkianın səfərinin faciəvi hadisələrin baş verdiyi bir dönəmdə reallaşması isə İran tərəfinin bu münasibətlərə verdiyi yüksək dəyərin göstəricisi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyev səfər zamanı İran xalqına başsağlığı verərək, iki ölkənin bənzər sınaqlar qarşısında bir-birinə dəstək göstərməsinin vacibliyini vurğulamışdır. Nəticə etibarilə, Azərbaycan və İran arasında münasibətlərin bu mərhələdə keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlməsi, yalnız iqtisadi və siyasi maraqlara deyil, eyni zamanda tarixi və mənəvi dəyərlərə əsaslanan ortaq irsə söykənir. Bu münasibətlər sülhün, əmin-amanlığın və dayanıqlı inkişafın təminatçısı kimi regional əməkdaşlıq modelinin uğurlu nümunəsinə çevrilməkdədir.
Fərəcova Şəfa,
Xəzər rayonu, 334 nömrəli tam orta məktəbin müəllimi