AnalitikaGündəmSiyasət

Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir

Azərbaycan Respublikası beynəlxalq münasibətlərdə fəal iştirak edən və qlobal təşəbbüslərə dəstək verən dövlətlər sırasında önəmli yer tutur. Bu çərçivədə ölkəmiz Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü mühüm qlobal təşəbbüslərə – İnkişaf Təşəbbüsünə, Təhlükəsizlik Təşəbbüsünə və Sivilizasiyaların Qarşılıqlı Anlaşması Təşəbbüsünə qoşulub. Azərbaycanın bu təşəbbüslərə qoşulması, onun qlobal proseslərdə iştirakını dərinləşdirməyə, beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməyə və ölkənin strateji maraqlarını daha da möhkəmləndirməyə xidmət edir.

İnkişaf Təşəbbüsü, bütün ölkələr üçün inklüziv və davamlı inkişafın təmin edilməsini, yoxsulluğun azaldılmasını və iqtisadi fərqlərin aradan qaldırılmasını hədəfləyir. Azərbaycan bu təşəbbüsə qoşularaq dayanıqlı inkişaf məqsədlərinə sadiqliyini bir daha nümayiş etdirmişdir. Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsündəki fəal iştirakı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, eləcə də enerji təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfələr İnkişaf Təşəbbüsünün ruhuna tam uyğundur. Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi islahatlar da bu məqsədlə səsləşir.

Təhlükəsizlik Təşəbbüsü isə beynəlxalq münasibətlərdə ədalətin, hüququn üstünlüyünün və qarşılıqlı hörmətin təmin olunmasını nəzərdə tutur. Azərbaycan bu təşəbbüsə qoşulmaqla, qlobal və regional təhlükəsizliyin qorunmasında beynəlxalq əməkdaşlığın vacibliyini dəstəklədiyini bəyan etmişdir. Azərbaycanın uzun illər ərzində ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı mübarizə və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi, Təhlükəsizlik Təşəbbüsünün əsas məqsədləri ilə üst-üstə düşür. Ölkəmiz münaqişələrin sülh yolu ilə həllinin, dialoq və əməkdaşlıq vasitəsilə qarşılıqlı etimadın gücləndirilməsinin tərəfdarıdır.

Sivilizasiyaların Qarşılıqlı Anlaşması Təşəbbüsü isə mədəniyyətlərarası dialoqun təşviqi, müxtəlif sivilizasiyalar arasında qarşılıqlı hörmətin və birgəyaşayışın təşviq olunmasını əsas məqsəd kimi qarşıya qoyur. Azərbaycan multikulturalizm ənənələrinə malik bir ölkə olaraq daim bu sahədə fəallıq göstərmişdir. Bakı Prosesi, Dünya Mədəniyyətlərarası Dialoq Forumları kimi təşəbbüslər Azərbaycanın bu istiqamətdəki səylərinin bariz nümunəsidir. Azərbaycan müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanların sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı bir cəmiyyət nümunəsi təqdim edir və bu dəyərlərin beynəlxalq miqyasda yayılmasına töhfə verir.

Ümumilikdə, Azərbaycanın Sədr Si Cinpinin təşəbbüslərinə qoşulması, ölkəmizin qlobal əməkdaşlığa açıq olduğunu, beynəlxalq arenada sabitlik, inkişaf və qarşılıqlı anlaşma ideyalarını dəstəklədiyini bir daha təsdiqləyir. Bu addım həm Azərbaycanın milli maraqlarına xidmət edir, həm də dünya birliyində sülh və rifahın möhkəmlənməsinə töhfə verir. Azərbaycanın bu sahədəki fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir və ölkəmizin qlobal nüfuzunun daha da artmasına şərait yaradır.

Məmmədova Aygün,
Xəzər rayonu, 262 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button