AnalitikaGündəmSiyasət

Azərbaycan və Çin etibarlı tərəfdaşlardır

Dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi, çıxışı Azərbaycanın bütün sahələrdə, o cümlədən xarici siyasətdə qazandığı uğurların təqdimatı olmaqla yanaşı, həm də onların fonunda müəyyənləşdirilən yeni çağırışlarla yadda qalır. Bu reallıq daim xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ölkəmizin yeni reallıqlar yaratması ilə müşayiət olunur ki, bu da öz növbəsində regionda və dünya siyasətində dəyişiklikləri şərtləndirir. Şanlı Qələbəmizdən ötən beş ilə yaxın dövr ərzində əməkdaşlıq məkanı kimi nüfuz qazanan Azərbaycanın müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı bunu bir daha sübut edir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub, reallığa çevirdiyi qlobal enerji və nəqliyyat layihələri ilə ölkələri, xalqları daha sıx birləşdirərək körpü roluna yeni əlavələr edir. Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yenidən qurulan, zirvələri fəth edən Azərbaycan son 21 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində özünü dünyaya qalib, bütövləşən ölkə kimi təqdim etdi. Bu fikir beynəlxalq səviyyədə xüsusi qeyd olunur ki, Azərbaycan xarici siyasətinin dəyişməz prinsipləri əsasında mövqeyini daha da möhkəmləndirir, etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanır. Dövlətimizin qarşılıqlı etimada, hörmətə əsaslanan siyasəti daim davamlı uğurlara yol açır.

Dövlət başçısı İlham Əliyev aprelin 21-də Çinin Sinxua agentliyinə müsahibəsində ötən ilin iyulunda Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə söykənərək bildirdi ki, strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq.

Prezident İlham Əliyev də Çinlə əlaqələrin inkişafına xüsusi diqqət ayırır. 2003-cü ildən sonra dövlətimizin başçısı bir neçə dəfə Çində rəsmi səfərdə olub. 2015-ci ildə həyata keçirilən səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır. Son illər ərzində Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlərin dinamikliyi bu əlaqələri daha da möhkəmləndirir.

Vüqar Musayev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi      

Oxşar Xəbərlər

Back to top button