AnalitikaGündəmSiyasət

Biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik

2025-ci il aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum, çağdaş beynəlxalq münasibətlərin əsas istiqamətlərinə dair mühüm debatlar üçün əhəmiyyətli platformaya çevrildi. Bu tədbir çərçivəsində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq sistemdə gedən proseslər, regional təhlükəsizlik çağırışları, enerji və nəqliyyat diplomatiyası, eləcə də Ermənistanla münasibətlərin gələcəyi ilə bağlı mühüm mesajlar verdi. Prezidentin çıxışı təkcə Azərbaycanın strateji mövqeyinin deyil, həm də ölkənin yeni dünya düzənində oynamaq istədiyi fəal və təşəbbüskar rolun göstəricisi oldu. Prezident İlham Əliyev çıxışlarında müasir dünya nizamının köklü dəyişikliklərə uğradığını, beynəlxalq hüquq normalarının çox vaxt ikili standartlara qurban getdiyini, güc və təsir vasitələrinin hüququ əvəzlədiyini bildirərək bu vəziyyəti obyektiv və analitik şəkildə təqdim edərək, beynəlxalq münasibətlərdəki ədalətsizliklərə diqqət çəkdi.

Prezident İlham Əliyev çıxışında Ukrayna – Rusiya münaqişəsi və regional təhlükəsizlik məsələlərinə toxunub, bu məsələdə Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoydu. 2022-ci ilin fevralından bəri davam edən Ukrayna-Rusiya müharibəsi indiyədək hələ də davam edir. Bu müddət ərzində minlərlə insan həyatını itirmiş, milyonlarla insan isə evlərini tərk etmək məcburiyyətində qalmışdır. Münaqişənin sona çatdırılması üçün müxtəlif beynəlxalq səylər göstərilsə də, hələ də davamlı sülhə nail olunmayıb.

Prezident İlham Əliyev Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfələri qeyd edərək, Azərbaycanın Ermənistanla münasibətlərdə konstruktiv yanaşma sərgilədiyini bildirdi: “Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı mövqeyimizə gəldikdə, biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, biz, əlbəttə, həmin vəziyyəti tam anlayırıq….Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir”.

Ukrayna-Rusiya müharibəsi hələ də davam etsə də, beynəlxalq ictimaiyyətin sülhə nail olmaq üçün göstərdiyi səylər artmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetindəki çıxışı, regionda sülh və sabitliyin təmin olunmasında Azərbaycanın konstruktiv rolunu bir daha nümayiş etdirmişdir. Ümid edilir ki, bu və digər beynəlxalq təşəbbüslər nəticəsində münaqişənin diplomatik yolla həllinə nail olunacaq.

Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki
rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button