
Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammitində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib. O, bildirib ki, Azərbaycan balanslaşdırılmış xarici siyasi kursunu son dərəcə effektli şəkildə həyata keçirir və dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni sahələrdə problemsiz əməkdaşlığı qeyd olunanların təsdiqidir. Eyni zamanda, rəsmi Bakı siyasi, iqtisadi dialoqa açıq münasibət göstərir. Dünya birliyi, mötəbər təşkilatlarla qarşılıqlı hörmət və ehtiram üzərində qurulan əməkdaşlıq ölkəmizi beynəlxalq münasibətlərin önəmli tərəfdaşına çevirib. Azərbaycan istər Şərq və Qərb, istərsə də Şimal və Cənubla milli maraqlarını qorumaqla fəal əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın BRİCS-lə təmasları təsadüfi deyil. Azərbaycanın BRİCS-in fəaliyyətinə cəlb olunması ölkəmizə, ilk növbədə, dünya siyasətində qlobal tendensiyalardan kənarda qalmamağa imkan verir. Müxtəlif güc və maraq mərkəzlərinin qovşağında olduğumuz üçün biz balanslaşdırılmış siyasət yürütməyə, beynəlxalq nizamın müxtəlif sistemlərindən yararlanmağa borcluyuq.
Prezident İlham Əliyevin sammit çərçivəsində Kazanda Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşü xüsusi əhəmiyyət kəsb edirdi. Görüşdə ikitərəfli sülh gündəliyinin irəli aparılması, xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması təlimatı bölgədə barışın əldə olunacağına nikbinlik yaratdı.
Azərbaycan Prezidenti cənab İlham Əliyev də COP29-un Azərbaycanda keçirilməsini dünya əhəmiyyətli bir tədbir kimi qeyd edib və bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər həyata keçirilməkdədir. Ölkəmizin rəhbəri Kazanda XVI BRİCS Sammitində çıxışı zamanı bildirib ki, 200 ölkənin səs verdiyi bu tədbirin Azərbaycanda keçirilməsi çox mühüm bir hadisədir, Azərbaycana göstərilən böyük etimadın ifadəsidir. Bu sözsüz ki, həm tədbirə dəyərin verilməsi, həm də dünya ölkələrinə bir ehtiramın nümunəsi idi ki, cənab Prezident bunu öz çıxışında qeyd etdi və göstərdi ki, dünya ölkələrinin Azərbaycana belə etimadı tədbirin uğurla keçirilməsinə məsuliyyəti qat-qat artırır.
COP29-a ev sahibliyi etmək beynəlxalq münasibətlər sistemində Azərbaycana əlavə üstünlüklər qazandıracaq. Çünki, Azərbaycan Prezidenti özünün fəaliyyəti dövründə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə çoxşaxəli diplomatiyaya və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsinə böyük önəm verib və bu fəaliyyət hazırda da uğurla davam etdirilir. Məhz COP29-un Azərbaycanda keçirilməsinə dəstək verilməsi də cənab İlham Əliyevin beynəlxalq aləmdə qazandığı nüfuzun və göstərdiyi xidmətin bir nəticəsidir.
BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası hər şeydən əvvəl insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır. Nəinki bu tədbirdə iqlim dəyişiklikləri məsələləri, eləcə də dünyanı bu gün narahat edən bir çox problemlər, beynəlxalq əməkdaşlıq, dünyada baş verən ziddiyyətlərə münasibətlər, problemlərin aradan qaldırılması, bəşəriyyətin gələcəyi uğrunda sistemli planların hazırlanması, həyata keçirilməsi, ümumiyyətlə, insanın rifahı və sağlamlığı üçün lazım olan bütün məsələlərin gündəmə gəlməsi gözlənilir. Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi müəyyənləşdirilir və dəyərləndirilir.
Hazırda bu sahədə çox mühüm tədbirlər həyata keçirilməkdədir. Azərbaycanın “yaşıl enerji” siyasəti bu sahədə mühüm əhəmiyyət daşıyır və ölkədə son illərdə yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi, insanların sağlamlığına xidmət edən bir sıra mühüm tədbirlərin görülməsi deməyə əsas verir ki, Azərbaycan gələcəkdə “yaşıl dünya” uğrunda mübarizədə öz yerini müəyyən edəcək və öndə olacaq. Bu gün işğaldan azad edilmiş ərazilər, Qarabağ və Şərqi Zəngəzur böyük günəş və külək enerjisi potensialına malikdir. Həmin ərazilərdə quraşdırılan elektrik stansiyaları, ərazilərin bərpası, atmosferə atılan zəhərli maddələrin qarşısının alınması üçün görülən işlər onu deməyə əsas verir ki, keçirilən bir sıra tədbirlər tezliklə özünün müsbət nəticələrini göstərəcək. Bu gün COP29-la əlaqədar Azərbaycanda çox mühüm, dəyərli işlər görülür. Konfranslar, yığıncaqlar, toplantılar keçirilir, əhali arasında maarifləndirmə tədbirləri genişləndirilir. Əlbəttə ki, bu COP29-a bir hazırlıqdır.
Təşkilat komitəsinin, bu sahəyə məsul insanların bu beynəlxalq tədbirin uğurla keçirilməsinə göstərdikləri dəstəkdir. COP29-un Azərbaycanda keçirilməsi dövlətimizin və xalqımızın yüksək bəşəri dəyərlərə malik olduğunu və bu sahədə əllərindən gələni əsirgəmədiyini göstərir. Bu tədbirlərin ilhamvericisi və təşkilatçısı cənab Prezidentimiz İlham Əliyevdir. Xalqımız dövlət başçısına göstərdiyi etimad və diqqətlə bu tədbirin yüksək səviyyədə keçirilməsinə nail olunacaq və Azərbaycan dünyaya bir daha demokratik, inkişaf edən, bəşəri dəyərlərə sadiq olan və onu daim yerinə yetirən bir ölkə kimi təqdim ediləcək.
Artıq uzun müddətdir ki, Azərbaycan üzv olmadığı BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların toplantılarında mütəmadi iştirak edir, bu təşkilatlara üzv ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən sammitlərə dəvət edilir, aparılan müzakirələrə qatılır. Əlbəttə ki, bu fəaliyyət ilk növbədə Azərbaycanın getdikcə daha da artan beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, eyni zamanda da ölkəmizin ikitərəfli formatda əlaqəlırinin inkişafına mühüm təsir göstərir. O cümlədən cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında cənab Prezident İlham Əliyevin iştirakı bir çox aspektlərdən mühüm əhəmiyyət kəsb etmiş oldu.
İlk növbədə qeyd edək ki, Sammit əsnasında Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüşün baş tutması ikitərəfli sülh gündəliyinin irəli aparılmasına böyük töhfə oldu. Nəzərə almaq lazımdır ki, son vaxtlar qarşı tərəfdən sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə aid olan ikitərəfli saziş olduğuna və rəsmi İrəvanın sülh danışıqlarını məhz ikitərəfli formatda davam etdirməkdə maraqlı olduğuna dair səslənən fikirləri daha çox eşitmək olur. Kazanda baş tutmuş görüş zamanı da sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Əlbəttə ki, bu proses özü-özlüyündə bütün Cənubi Qafqaz regionunda dayanıqlı sülhə nail olmaq üçün müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda da Azərbaycan ilə Ermənistanın hər hansı bir vasitəçi tərəfin iştirakı olmada sülh sazişinin imzalanmasına doğru irəliləmələri bu regionda özlərinin qeyri-sağlam maraqlarını təmin etmək niyyətində olan xarici qüvvələrin planlarına vurulan ciddi zərbədir.
Bayramova Sürayə,
Xəzər rayonu, Ə. Quliyev adina 121 nömrəli tam orta məktəbin tarix müəllimi