AnalitikaGündəm

25 Oktyabr – Qubadlı şəhərinin işğaldan azad edilməsindən dörd il ötür

Bu tarix, həm də “Qubadlı Şəhəri Günü” kimi qeyd edilir. Zəfər tariximizin təntənəli şəkildə qeyd olunması qürurvericidir. Ölkəmizin cənub- qərbində yerləşən Qubadlı rayonunun  sahəsi 802 kvadrat kilometrdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edir. İşğala qədər rayonda 27-si mexanikiləşdirilmiş olan 31 süd-əmtəə ferması mövcud olmuşdur. Rayonda 2 üzümün ilkin emalı zavodu fəaliyyət göstərirdi. Süd-əmtəə fermalarının məhsulları yağ-pendir zavodunda emal olunurdu.Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda qonşu rayonlara da xidmət edirdi. İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsullarıyla təmin edirdi. Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun rayonda yaradılmış filialında son tamamlama işləri gedirdi. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi. Belə zəngin,məhsuldar torpağın işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biri hesab edilir.

Qubadlı şəhərinin işğal tarixinə nəzər salsaq ,XX əsrdə dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və əzab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar.Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qaldı. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. 13 365 hektar meşə sahəsi işğal altında qalmışdır. Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr işğal nəticəsində ermənilərin vandallığna məruz qalmışdır.

Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü–oktyabrın 23-də Qubadlı ərazisinə daxil oldu, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başladı.Həmin gün Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi–Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib. Oktyabrın 25-də-Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan azad olunub. Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqladı, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edildi.

Qeyd etmək lazımdır ki, müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir, həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular.

Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Biz fəxr edirik ki, Qubadlıda Qaçaq Nəbidən, Əliyar Əliyevdən başlanan qəhrəmanlıq yolu bu gün Şükür Həmidov və digərləri tərəfindən davam etdirilir. Qarabağ müharibəsi iştirakçısı, Milli Qəhrəman polkovnik Şükür Həmidov da məhz Qubadlı rayonunun yetirməsidir. Polkovnik Həmidovun 2016-cı ilin aprelində erməni işğalçıları ilə döyüşdə göstərdiyi qəhrəmanlıq, Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsindəki böyük şücaət göstərərək Milli Qəhrəman adına layiq görülmüşdür. Azərbaycan Prezidenti  İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız artıq öz doğma yurd yerlərinə qayıtmağı  bizi çox sevindirir. Azərbaycanın dilbər guşələri yenidən dirçəlir, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına qayıdır. Bu zəfərin başlıca memarı Azərbaycan Respublikasının Ali Baş Komandanı  və müzəffər Azərbaycan ordusudur. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu gün qürurla və fərəhlə deyirik: Qarabağ Azərbaycandır! Yaşasın müstəqil, azad Azərbaycan!

Əlisoy Nərgiz,
Xəzər rayonu, D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin
Azərbaycan dili, ədəbiyyat müəllimi 

Oxşar Xəbərlər

Back to top button