AnalitikaGündəm

Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə görüşündən yadda qalan məqamlar

Bildiyimiz kimi, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı və Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü dəstəklədikləri və dəvəti qəbul edərək Şuşa şəhərinə gəldikləri üçün təşəkkür etdi. İlk olaraq bildirdi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.

Ölkə başçısı, bizim böyük coğrafi məkanı əhatə etdiyimizi vurğulayaraq ,üzv ölkələrdə də müsbət demoqrafik dinamika müşahidə olunduğunu, həmçinin hərbi potensialımızın döyüş meydanlarında özünü dəfələrlə göstərdiyini söylədi. Əlavə etdi ki, zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Keçən ilin sentyabrın 20-də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşünün rəmzi məna daşıdığını və Qarabağın tacı Şuşa şəhərinin həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu vurğuladı.

Prezidentimiz Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsinin Azərbaycan xalqının böyük faciəsi olduğunu, lakin bu işğalla heç vaxt barışmadığını, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşayıb və buna nail olduğunu xatırlatdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etdiyini söyləyən İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur olduğunu və beləliklə, İkinci Qarabağ müharibəsinin başa çatdığını və hər ilin noyabrın 8-inin Azərbaycanda Zəfər Günü kimi qeyd edildiyini söylədi.

Ali Baş Komandanımız qeyd etdi ki, Sərəncamla 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır. Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramının icra olunduğunu bildirən ölkə başçısı Ermənistanın işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etdiyini, indi isə bu torpaqlara həyatın qayıtdığını nəzərə çatdırdı. O bildirdi ki, “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri isə qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər.

Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli olmadığından Azərbaycanın bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürtmüşdür. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərdiyini, artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edildiyini, gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcəyini, Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcəyini də görüşdə qeyd olundu. Ölkə başçısı nəzərə çatdırdı ki, bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır. İnanıram ki, Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir.

Cənab prezident Bu il Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcəyini xatırladaraq qonaqları COP29-a dəvət etdi. COP29-a sədrliyin və bu tədbirin Bakıda keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsi olduğunu söylədi və 200-ə yaxın ölkənin bizim namizədliyimizi yekdilliklə dəstəklədiyini bildirdi. Həmçinin söylədi ki, Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.

Çıxışının sonunda İlham Əliyev imzalayanacaq Qarabağ Bəyannaməsi və qəbul edilən qərarların Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəyini söyləyərək nitqini yekunlaşdırdı.

Əlisoy Nərgiz,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button