Analitika

Ulu Öndərin müdrikliyi

Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Müstəqilliyin ilk illərində Azərbaycan qaynar qazana bənzəyirdi. Sovet imperiyasının caynaqlarından böyük qurbanlar bahasına xilas olub, müstəqilliyini yenicə elan etmiş Azərbaycan nankor qonşularımızın başladığı ədalətsiz müharibəyə cəlb edilmişdi. Qətiyyətli rəhbəri, ordusu, silahı olmayan xalq hiyləgər düşmən qarşısında ağır bir durumdaydı. Ayrı-ayrı silahlı dəstələr isə vahid komandanlığa deyil, müxtəlif siyasət dəllallarının maraqlarına xidmət edirdi. Maraq isə, təəssuf ki, ölkənin ərazi bütövlüyünü qorumaq, Qarabağı erməni daşnaklarının müdaxiləsindən xilas etmək deyil, “meydan qəhrəmanları”nı hakimiyyətə gətirmək idi.Hakimiyyətə itaətsizlik, vətəndaş qarşıdurması kütləvi xarakter almışdı. Siyasət dəllalları meydan sulayırdı. Belə bir ağır vəziyyətdə müdrik Azərbaycan xalqı nicat yolunu yalnız xalqımızın Böyük oğlu, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gətirilməsində görürdü. 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Xalqın arzu və təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər 1991-ci ildə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi qarşısında olan Azərbaycanı düşdüyü ağır vəziyyətdən, qardaş qırğınından qurtarmaq üçün qısa zamanda təxirəsalınmaz və qətiyyətli tədbirlər gördü. Ulu Öndər dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri  istedadını birləşdirərək ölkədə möhkəm və dönməz sabitlik yaratdı, qeyri-qanuni silahlı dəstələri tərksilah etdi, xarici müdaxilə cəhdinin qarşısını aldı, atəşkəsə nail oldu.

Ulu Öndər 1993-cü ildə siyasi hakimiyyətə gəlməklə Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdurdu. Özünəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsürlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ulu Öndər xalqı öz ətrafında birləşdirməklə dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi. Ulu Öndər bütün həyatını doğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Ümummilli Lider Heydər Əliyevin həyat yolu öz xalqına xidmətin nümunəsidir. Ulu Öndərin müdrikliyi, zəhməti, dəmir iradəsi Azərbaycanı möhkəm, iqtisadi cəhətdən inkişaf etmiş və sabit dövlətə çevirmişdir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq milli dövlətçiliyimizin ideya əsasını yaratmışdır.

Ümummilli Lider Heydər Əliyevin siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin siyasətini yaradıcı şəkildə həyata keçirərək sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır.Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanı Heydər Əliyevin şah əsəri adlandırır. Bu şah əsər bu gün möhtərəm Prezidentimizin rəhbərliyi altında özünün daha möhtəşəm, daha qürurlu inkişaf dövrünü yaşayır. Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycan etibarlı əllərdədir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müstəqil siyasəti sayəsində Azərbaycan sözü eşidilən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirmişdir.

Uğurlu fəaliyyətin nəticəsidir ki, Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Validə Məmmədova,
YAP Şuşa rayon təşkilatının fəal üzvü  

Oxşar Xəbərlər

Back to top button