Şərqin ilk Cümhuriyyəti

Mayın 28-i tariximizin ən şanlı günlərindən biridir. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini bəyan etdiyi tarixdir. Həmin tarixdən düz 106 il ötür. 1918-ci ilin 28 mayından 1920-ci ilin 28 aprelinədək Azərbaycanı idarə edən milli demokratik qüvvələr tariximizə böyük töhfələr bəxş etdilər. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə böyük hərflərlə yazılıb. Məhz həmin gün xalqımız özünün əsrlərlə arzusunda olduğu müstəqilliyinə qovuşub. Bu tarixi hadisə, ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi idi. Yaranması çox mürəkkəb bir tarixi dövrə təsadüf edən Azərbaycan Xalq Cümhuriyyəti bütün türk və müsəlman dünyasında dünyəvi təməl üzərində qurulan ilk demokratik dövləti idi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət – 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir. Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər-Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir- birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsirləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı.
1918-ci il iyunun 17-də hakimiyyətə gələn F.Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır bir beynəlxalq və daxili şəraitdə, faktiki olaraq, soyqırımı taleyi yaşayan Azərbaycan xalqını tarixin ən ağır qanlı burulğanından çıxarmaq məsuliyyətini öz üzərinə götürməli oldu. Təcili olaraq müstəqil Azərbaycanın dövlət quruculuğuna başlandı. Hökumət yaranmış vəziyyətdən çıxmaq üçün ilk gündən qəti tədbirlərə əl atdı. İyunun 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu. İyunun 24-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu. İyunun 26-da Müsəlman hərbi korpusu ayrıca Azərbaycan Korpusuna çevrildi və həmin korpusun komandirinə general rütbəsi verildi. Diviziya komandiri səlahiyyətlərinə malik olan Azərbaycan Korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başladı ki, bu da faktiki olaraq Azərbaycan silahlı qüvvələrinin yaradılması demək idi.
1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi. Bütün bunlara baxmayaraq, Odlar Diyarı daha bir işğal faktı ilə üz-üzə qaldı. 27 aprel 1920-ci il tarixdə Bolşevik Rusiyasının XI Ordusu Bakıya daxil oldu. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi – Azərbaycan MK və Rusiya Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verdi. Meydana çıxmış situasiyanı dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşdı və hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edildi. Parlamentin qərarında Azərbaycanın istiqlaliyyətinin və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər sonradan bu şərtlərin heç birinə əməl etmədi.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində 1920-ci ilin aprel ayının 28-də süqut etdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra xalqımız bir daha müstəqillik əldə etdi. Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də qəbul olunan Konstitusiya Aktında Azərbaycan Respublikasının AXC-nin siyasi varisi olması elan olundu. Bəzən “tarix təkrar olunur” deyirlər və 1993-ci ildə də tarixin təkrar olunmaması, müstəqilliyin itirilməməsi üçün xalqımız Ümummilli liderimiz Heydər Əliyevi Azərbaycanda siyasi hakimiyyətə dəvət etdi. Məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs sayəsində siyasi, hüquqi, iqtisadi, sosial, mədəni, ideoloji və digər sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanı müasir, müstəqil və güclü milli dövlətə çevirdi. Müasir, müstəqil dövlət kimi çıxış edən ölkəmiz özünün tərəqqisi ilə milli inkişafın Azərbaycan modelinin əsasını qoydu.
Günay Hacızadə,
Xəzər rayonu, 183 №li məktəbin müəllimi