28 May Müstəqillik günüdür!

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və s. işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.
Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyən Azərbaycan 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə yenidən öz müstəqilliyini elan etmişdir. Bununla Azərbaycan Respublikası müstəqilliyin ilk illərində böyük təhlükə ilə üzləşsə belə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz xilas olaraq, sabit inkişaf yoluna qədəm qoymuşdur.
Ulu Öndərimizin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözləri ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq təsdiqini tapmış, Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək Tarixi Zəfərə imza ataraq uzun müddət işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bu Azərbaycan xalqının tarixi qələbəsidir.
Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir!
Əhmədova Şükufə,
Xəzər rayonu, 125 nömrəli məktəbin müəllimi