Analitika

Azərbaycan və Qazaxıstan arasın­da energetika sahəsində də əlaqələrin çoxillik tarixi var

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də ölkəmizə dövlət səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, həmçinin Prezidentlərin mətbuata birgə bəyanatları strateji tərəfdaş, eyni zamanda, müttəfiq dövlətlər olan Azərbaycan və Qazaxıstanın əməkdaşlıq əlaqələrinin möhkəm təmələ əsaslandığını və bu münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqlədi. Dövlət başçısı İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstan Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri ölkələrimizin münasibətlərində keyfiyyətcə yeni səhifənin açılmasına şərait yaradacaq. Sirr deyil ki, liderlər arasında şəxsi münasibətlər və təmaslar ikitərəfli əməkdaşlığın inkişaf dinamikasına və möhkəmlənməsinə müsbət təsir göstərir. Bu kontekstdə demək olar ki, cənab Tokayevin Azərbaycana səfəri dövlətlərarası əlaqələrin daha da genişləndirilməsi üçün yeni konturların müəyyənləşdirilməsi istiqamətində mühüm addım olacaq. Artıq yeni konturlar müəyyən edilib, konkret razılaşmalar əldə olunub, sənədlər paketi imzalanıb. Liderlərin siyasi iradəsi nəzərdə tutulan bütun hədəflərə çatmağa əminlik yaradır.

Bu gün Qazaxıstan və Azərbaycan arasında geniş müqavilə-hüquq bazası mövcuddur: Buraya müxtəlif xarakterli 90-a yaxın sənəd, o cümlədən dövlətlərarası müqavilələr, hökumətlərarası sazişlər daxildir. Əməkdaşlıq formatına gəlincə, bu da çoxtərəfli xarakter daşıyır. Belə ki, Qazaxıstanla Azərbaycan BMT, ATƏT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, TÜRKSOY, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq və regional təşkilatlarda fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir. Bu baxımdan ölkələrimiz arasında hər hansı problem yoxdur.  O da sevindirici haldır ki, dövlətlərimizin parlamentləri bir-biri ilə sıx əməkdaşlıq edir. Müasir şəraitdə bu, olduqca mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar göstərir ki, Tokayevin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Aytac Məhərrəmli
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button