Azərbaycan-Qazaxıstan münasibətləri ən yeni mərhələdə

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır.
Hər iki dövlətin xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Hal-hazırda Azərbaycan və Qazaxıstan Respublikası arasında bu əməkdaşlıq davam edir. Və bunun nəticəsi olaraq mart ayının 11-də Qazaxısatan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev Azəryacan Respublikasına dövlət səfərinə gəlib. Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım- Jomart Tokayev arasında məhdud tərkibdə və geniş tərkibdə görüşlər keçirilib. Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.
Mərasim çərçivəsində aşağıdakı sənədlər imzalanıb:
“Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”;
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Damu” Sahibkarlığın İnkişafı Fondu” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsi arasında Əməkdaşlığa dair Memorandum”;
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum”;
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş”;
“Azərbaycan İnvestisiya Holdinqi və “Samruk Kazyna” Səhmdar Cəmiyyəti arasında strateji tərəfdaşlıq Sazişi”;
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında 2024-2025-ci illər üçün Tədbirlər Planı”;
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi arasında kosmosun dinc məqsədlərlə tədqiq edilməsi və istifadəsi sahəsində Anlaşma Memorandumu”;
“3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”;
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyətinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”.
Dövlətlərimiz arasında belə sıx münasibətlərin yaradılması və müntəzəm olaraq davam etdirilməsi dövlətlərin regionda və dünyada geosiyasi mövqeyini daha da artıracaq və inkşafa nail olacaq. Türk dünyası və türk dövlətləri arasında sıx əməkdaşlığın və münasibətlərin dərinləşməsinə, xalqlarımızın daha da yaxınlaşmasına tövhə verəcək.
Salmanov Amil,
Xəzər rayonu, 234 №li məktəbin müəllimi



