Analitika

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr

Azərbaycan və Qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Qazaxıstan arasında əlaqələrin uğurla inkişaf etməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür. Burada geosiyasi amillərlə yanaşı, Azərbaycan və qazax xalqları arasında tarixi bağlılıq, ənənələrin, mədəniyyətlərin, dillərin oxşarlığı, eyni dinin daşıyıcıları olmaları və əlbəttə ki, coğrafi yaxınlıq kimi amillər müstəsna rol oynayır. Hər iki dövlət tarixi yaxınlığa və ənənələrə sadiqlik nümayiş etdirərək regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət həyata keçirir və Xəzər hövzəsi regionunda təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə öz töhfələrini verir.

Azərbaycanın və Qazaxıstanın cəmiyyəti və siyasi rəhbərliyi tarixi birliyinin möhkəmlənməsinə, Türk Şurasının nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə və türkdilli ölkələr arasında bağlantıların möhkəmlənməsinə böyük səy göstərirlər. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılıb. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında, 1 mart 2004-cü ildə isə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycan Prezidenti Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşləri zamanı Azərbaycan-Qazaxıstan münasibətlərini həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli şəkildə qurmaq haqda qərarlar qəbul edilmişdir. Danışıqların əsas mövzusu iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni sahələri olub. Azərbaycanla Qazaxıstanın Xəzərin statusu və digər məsələlərdə birgə siyasət nümayiş etdirməsi ölkələrin diplomatik arenadakı səylərini də xeyli yaxınlaşdırıb. Ümumiyyətlə, nəqliyyat və logistika iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın mühüm istiqamətini təşkil edir.

Prezident İlham Əliyev isə Qazaxıstana ilk rəsmi səfərini 2004-cü il martında etmişdir. 2005-ci il mayın 25-də Qazaxıstan Prezidenti N. Nazarbayev Azərbaycanda səfərdə olarkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak edib. Mərasim zamanı Qazaxıstanın da qoşulduğu “Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi” imzalanınmış, ölkələr hal- hazırda İƏT çərçivəsində də fəal əməkdaşlıq edirlər.

Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Bakıda görüşü zamanı imzalanmış sənədlərdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Sahibkarlığın İnkişafı Fondu arasında Anlaşma Memorandumu, “Mərkəzi Kommunikasiyalar Xidməti”, Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti arasında Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında 2024-2025-ci illər üçün Tədbirlər Planı” və s məsələlər nəzərdə tutulmuşdur.

İki ölkə arasındakı çoxtərəfli əməkdaşlıqlar çərçivəsində tranzit imkanlarının genişləndirilməsi, nəqliyyat dəhlizlərinin mövcudluğu ilə biznesin inkişafı Mərkəzi Asiya, Cənubi Qafqaz, ümumilikdə Türk dünyasında qarşılıqlı əlaqələrin inkişafına yol açacaq. İki ölkə arasında açılan əməkdaşlığın yeni səhifəsi Azərbaycan və Qazax xalqı arasında mədəni əlaqələrin daha da inkişaf etdiriləsinə böyük töhfə verəcəkdir!

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button