Analitika

Azərbaycan və Qazaxıstan xalqlarının dostluğu, qardaşlığı əbədidir

Ərazisinə və təbii sərvətlərinin zənginliiyinə görə türk dövlətləri arasında fərqlənən Qazaxıstanla Azərbaycanın illərdən bəri davam edən qardaşlığı səmimi əməkdaşlıq şəraitində davam edir. Hər iki dövlət rəsmilərinin reallaşan qarşılıqlı görüşlərində, yeni, daha da təkmilləşən, coğrafiyası genişlənən münasibətlərdə milli mənafelərə uyğun məsələlərin müzakirəsi bütünlükdə türk dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksəksəviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.

İki dövlət arasında münasibətlərin dinamikası Prezidentlərin qarşılıqlı səfərlərinin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dörd səfər edib, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev üçüncü dəfədir ki, Azərbaycana gəlib. Martın 11-də iki dost ölkə arasında əlaqələrin daha da genişlənməsinə səbəb olacaq növbəti yüksəksəviyyəli görüş baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası. və Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib.

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Qardaş dövlətin prezidenti bildirib ki,mən dünən və bu gün ölkənizdə dövlət səfərindəyəm. Çox şadam ki, bu səfər tam uğurla – dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafına ən ciddi təkan verəcək son dərəcə mühüm sənədlərin imzalanması ilə başa çatır. Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram.

Prezident İlham Əliyev Füzulililər, ictimaiyyətimiz və bütün Azərbaycan xalqı adından qardaş dövlətin ölkə başçısına minnətdarlığını bildirərək qeyd edib ki,Mərkəz tikildi, bu gün onun rəsmi açılışıdır. Mərkəz qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Dünən biz Sizinlə danışırdıq ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Hər bir belə layihə Azərbaycan xalqının qəlbini riqqətə gətirir, çünki 30 il ərzində bu balaca uşaqların valideynləri, babaları və nənələri bir arzu ilə – öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onlar qayıtdıqda dağıdılmış, yerlə-yeksan edilmiş Qarabağı gördülər, əlbəttə, çox acı hisslər yaşadılar. Bu qayıdışın ağrılı-acılı və eyni zamanda, sevinc hissləri bir-birinə qarışmışdı. İndi qardaş Qazaxıstanın köməyi ilə Füzulidə çox gözəl Uşaq Yaradıcılıq Mərkəzi açılır. Bu təşəbbüsə görə Sizə səmimi–qəlbdən minnətdarıq.

Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri üzrə aparılan müzakirələrin regional əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, TransXəzər nəqliyyat dəhlizinin reallığa çevrilməsi davam edən qarşılıqlı münasibətlərin məntiqi nəticəsidir. Geosiyasi əhəmiyyətli TransXəzər nəqliyyat marşrutunun, hər iki ölkədə dəmir və avtomobil yollarının çəkilişinə, hava, dəniz limanlarının açılmasına göstərilən diqqət region dövlətlərinin iqtisadi inkişafını da şərtləndirir.

Hər iki dövlətin iştirakı ilə reallaşan nəqliyyat layihələrinin neft-qaz sahəsində davam etdirilməsinin əməkdaşlığın perspektivi üçün daha böyük imkanlar yaradacağına əminlik daha da artır. Milli maraqlara uyğun münasibətlərin humanitar sahədə davamı isə xalqlarımızın birgə fəaliyyətinin, xoş niyyətinin ifadəsidir.

Günay Hacizadə,
Xəzər rayonu, 183 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button