Münasibətlərin müsbət inkişaf dinamikası

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Alman iş adamlarının nümayəndə heyəti ilə iqtisadi əməkdaşlığın müzakirəsi üçün ölkəmizə səfər etməsinin önəmini qeyd edən dövlət başçısı bunu müsbət dəyərləndirib. Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi olduğunu qeyd edib.
Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib,eyni zamanda Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edərək, Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.
“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır.Prezident İlham Əliyev onu da bildirib ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz, biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Dövlətimizin başçısı Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olduğunu vurğulayıb. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymayıb.
Görüş zamanı Almaniyanın ölkəmizdəki səfiri verilən məlumatlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və qeyd etdi ki, həqiqətən ölkəmiz haqqında təəssüratlara malik olmaq üçün buradakı prosesləri öz gözləri ilə görmək vacibdir və elə nümayəndə heyətinin səfərinin məqsədlərindən biri də bundan ibarətdir. Mixael Harms Münxendəki görüşdən az müddət sonra yenidən Azərbaycan Prezidentinin qəbulundan şərəf hissi keçirdiklərini bildirdi və buna görə minnətdarlığını ifadə etdi. Qonaq ölkəmizə infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq şirkətin rəhbəri və nümayəndələri ilə gəldiklərini vurğulayaraq, Azərbaycanda səmərəli görüşlər keçirdiklərini bildirdib. O, müzakirələr zamanı belə bir nəticəyə gəldiklərini qeyd edərək, Azərbaycan iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirir. Digər nəticə bundan ibarətdir ki, ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanları var.
Həmçinin görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Quliyeva Aidə,
Xəzər rayonu, 262 nömrəli tam orta məktəbin müəllimi



