Azərbaycan Etibarlı tərəfdaş olduğunu artıq sübut edib

Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasında özünün aydın ifadəsini tapır. Regional çərçivədə başlanan əməkdaşlıq zaman keçdikcə beynəlxalq miqyas aldı. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyə xidmət edən mühüm addımlarındandır. Belə ki, 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək Azərbaycanın enerji ösektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə ölkəmizin uğurla həyata keçirilən enerji layihələrində önəmini aydın şəkildə görmək mümkündür. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin təməli qoyuldu. Həmin mərasimdə cənab İlham Əliyev bu mühüm addımı görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Təbii ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrilməsəydi, bu gün Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi. Azərbaycanın hər layihəni uğurlu sonluqla başa çatdırması ölkəmizin malik olduğu potensialın təqdimatında əhəmiyyətli rol oynayır. Keçirilən Neft-Qaz Sərgiləri, enerji samitləri, həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 2015-ci ildən etibarən hər il ənənəvi olaraq baş tutan nazirlərin toplantısı ölkəmizin enerji sektorunda əldə etdiyi uğurların geniş təhlilinə imkanlar yaradır. Toplantılar çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna aydınlıq gətirir. Bu, ölkəmizin etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyinin möhkəmlənməsindən irəli gəlir. Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlığa, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir.
Dövlət başçısı İlham Əliyev toplantıdakı çıxışında bildirdi ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Sözümüz imzamız qədər dəyərlidir. Belə bir əminlik də ifadə olundu ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək. Çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Azərbaycanın mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyini hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gündə belədir. Şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir. Toplantıda Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi geniş müzakirə olundu. Bu mühüm addım, eyni zamanda, digər hər hansı qaz layihələri elə icra edilməlidir ki, ekoloji tarazlığın təmin olunmasına ziyan dəyməsin. Bu, Azərbaycanın ciddi niyyətini, siyasətini və səylərini nümayiş etdirir. Bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq. Bu da Cənub Qaz Dəhlizinə əlavə bir töhfə olacaq. Cənub Qaz Dəhlizi layihəsi həqiqətən də uğur hekayəsidir.
Əsədov Nazim,
Xəzər rayonu, 256 nömrəli tam orta məktəbin müəllimi



