Analitika

Zəfər seçkisi

Azad və şəffaf mühitdə səsvermə müasir sivilizasiyanın nailiyyətləri sırasında xüsusi yer tutur. Ona görə ki, xalqın iradəsinə əsaslanmadan güclü dövlət və demokratik cəmiyyət formalaşdırmaq mümkün deyil. Siyasi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda da azad seçkilərin keçirilməsinə məhz bu prizmadan baxılmış və vətəndaşlara iradələrini azad şəkildə ifadə etmələri üçün zəruri hüquqi baza  yaradılmışdır. Prezident seçkiləri Azərbaycanın demokratiya yolu ilə inamla irəlilədiyini bir daha bütün dünyada nümayiş etdirdi. Bu siyasi hadisə əvvəlki seçkilər kimi bütün parametrləri ilə respublikamızın tarixinə şəffaf seçki kimi yazıldı.

Birmənalı şəkildə  İkinci Qarabağ müharibəsində tarixi Zəfəri bizə bəxş edən, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən məhz Prezident İlham Əliyev oldu. Ötən otuz il ərzində Qanlı Yanvar və Xocalı faciələri xalqımıza ürəkdən sevinməyi unutdurmuşdu. Amma Prezident İlham Əliyev işğal altındakı torpaqlarımızı azad etməklə xalqımıza sevinmək hissini qaytardı. Dünyaya xalqımızın qüdrətini, gücünü və birliyini nümayiş etdirdi.

Uzun müddət bizi əzmiş, sonsuz görünən ədalətsizliyin ağır yükünü çiyinlərimizdən götürdü. Bizə Qalib ölkənin vətəndaşı olmaq xoşbəxtliyini yaşatdı. Prezident İlham Əliyev xalqımızın qələbə əzmini qaytardı. Onun həyata keçirdiyi siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi, ölkəmiz qısa müddətdə dünyada tolerantlıq məkanı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

7 fevral seçkilərində xalq Müzəffər liderinə səs verməklə bütün dünyaya mesaj göndərdi: Azərbaycan Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bundan sonrakı inkişaf mərhələsində də liderinin yanında olacaq.

Bu gün Zəfər seçkisi Azərbaycan bayrağı dalğanan Şuşada, Xankəndidə, Laçında, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və Ağdamda keçirildi. İlk dəfə olaraq keçmiş məcburi köçkünlər işğaldan azad edilmiş torpaqlarımızda xalqın ən layiqli namizədinə səs verdilər. Süveren hüquqlarını tam təmin etmiş Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərində müqəddəs bayrağımız altında keçirilən seçkilər hər birimizdə qürurlu anlar yaşatdı. Buna görə də, əminliklə demək olar ki, Zəfər seçkilərini qazanan əvəzedilməz lider İlham Əliyevin qəhrəmanlıq salnaməsi Azərbaycan xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəsini davam etdirməsinə mandat verdi. Bu qələbə sonrakı nəsillər, eləcə də digər ölkələr və onların liderləri üçün nümunə olacaqdır.

Günay Məmmədova,
Xəzər rayonu, 117 saylı tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button