Analitika

AŞPA beynəlxalq riyakarlığın təzahür platformasıdır

“Avropa təsisatlarının və siyasi institutlarının riyakarlığı və ikiüzlüyüyü barədə zaman-zaman eşitmişik. Demokratiyanı, insan hüquqlarını milli dövlətlərə qarşı tükənməz təzyiq resursu kimi görən Qərb institutları beynəlxalq səviyyədə etimad itirməkdədirlər. Bu deyilən fikirlər Avropa Şurası Parlament Assambleyasına da aiddir. Çünki bu gün AŞPA beynəlxalq riyakarlığın təzahür platforması çevrilib. 2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir: “Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Lakin bunun əvəzinə AŞPA Azərbaycana problem yaratmaqdan, ölkəmizi gözdən salmaqdan başqa heç nə etməyib. Hər dəfə Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər. Hətta, Avropa İnsan Hüquqları Məhkəməsi belə Qərbin “5-ci kolon”unu müdafiə edib və sifarişli qərarlar çıxarıb”.

“Aydındır ki, AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. Ona görə də AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil” – deyən Ramil Vəlibəyov əlavə edib ki, AŞPA-nın davranışının Fransanın ölkəmizə qarşı kampaniyasının davamı olması heç kəsdə şübhə doğurmur: “Əlbəttə ki, AŞPA-nın Azərbaycana təzyiq etmək cəhdləri səmərəsizdir. Hətta, Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem həll olunub və hazırda nəinki dünya səviyyəsində, Avropada belə nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur. Ona görə də AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər”.

Oxşar Xəbərlər

Back to top button