Xankəndi stadionunda yazılan yeni tarix
21 dekabr 2023-cü il. Azərbaycan xalqı tarixi anlara şahidlik etdi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəldi. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur.İlk dəfə idi ki işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər. Hər zaman olduğu kimi, bu dəfə də şəhid ailələri və qazilər dövlətimizin başçısının diqqətindən kənarda qalmamışdı. Məhz şəhid övladlarının Prezidentlə və birinci xanımla birlikdə oturması və səmimi söhbətləri oyunu daha möhtəşəm edirdi.
Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Lakin hər birimiz inanırdıq ki, bu gün gələcək. Azərbaycan xalqı İlham Əliyevə ilk dəfə 20 il bundan əvvəl etimad göstərərək Ulu Öndərimizin siyasi varisi kimi Ölkə Prezidenti seçdiyi gündən keçən müddət ərzində bu inam daim artmış və möhkəmlənmişdir. Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır.
Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq. Dövlətimizin başçısı Xankəndidə bir çox önəmli mesajlar verdi. Xankəndidə verilən mesajlar təkcə Ermənistana aid deyildi. Həm də Ermənistanın havadarlarına mesaj verildi. Azərbaycan işğaldan azad etdiyi bütün əraziləri quracaq və yaradacaq. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bu gün artıq Azərbaycanla dünyada hesablaşırlar. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Azərbaycan bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin, güclü iqtisadiyyat yaratdı və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır. Azərbaycan Prezidenti Xankəndində həm yerişi, həm də duruşu ilə birmənalı şəkildə qarşı tərəfə mesaj verdi ki, bu yerlərin sahibi bizik və gəlmişik. Sona kimi də burada olacağıq.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi