Analitika

Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür

Müasir dövrdə dünya siyasətində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən asılıdır. Səmərəli və praqmatik xarici siyasət kursu milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir. Belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik olan dövlətlər sabitlik və inkişafa nail olur, beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər. Bu kontekstdə müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın təcrübəsi unikal, mütərəqqi nümunə kimi çıxış edir.

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. İnkaredilməz reallıqdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir.

Bununla yanaşı, ölkəmiz regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji layihələrin əhəmiyyəti və nəticələri deyilənləri təsdiq edir. Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər regional və beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişaf kontekstində olduqca yüksək qiymətləndirirlər. Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində regionda rəqabət, yoxsa əməkdaşlıq müşahidə etməsi ilə bağlı müxbirin sualını cavablandırıb. Dövlətimizin başçısı suala cavabında bildirib: “Azərbaycana gəldikdə mən əməkdaşlıq görürəm. Bu da ölkəmizin siyasəti ilə bağlıdır. Biz hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanda enerji sahəsinin inkişafına nəzər salsanız görərsiniz ki, burada geniş beynəlxalq təmsilçilik var. Nəqliyyat sahəsinə baxsanız görərsiniz ki, hər iki – Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir və bizim qonşularımız, müxtəlif regionlarda olan çoxsaylı ölkələr bundan faydalanır.

Cənab Prezidentin dünyanın aparıcı televiziya kanallarına verdiyi müsahibələr və müxtəlif aspektlərlə bağlı səsləndirdiyi fikirləri hər zaman böyük maraq doğurur və yüksək qiymətləndirilir. Çünki bu müsahibələr özündə bir çox məsələlərlə yanaşı həm də dünya birliyinə ciddi mesajları ehtiva edir. Prezidentin “Euronews” televiziyasına son müsahibəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə yanaşı bir sıra məsələlərə ölkəmizin rəsmi mövqeyinin təqdimatı baxımından da kifayət qədər əhatəli və yadda qalan oldu. “İlk növbədə dövlət başçısı birmənalı olaraq bildirdi ki, Azərbaycanın iqtisadi inkişafının əsasında həyata keçirilmiş islahatlar dayanır. Həmçinin hökumətin növbəti illər üçün bu sahədə siyasəti barədə açıqlama verən cənab Prezident bildirdi ki, əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Azərbaycan hökuməti 2026-cı ilin sonunadək 140 min insanı həmin ərazilərdə yerləşdirməyi planlaşdırır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Digər tərəfdən də, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var və bu istiqamətlər dövlət investisiya proqramının əsas sahəsi olacaq”.

Hazırda dünyada mürəkkəb proseslərin baş verməsi təbii olaraq təhlükəsizlik amilini önə çıxarır. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Həqiqətən də hər keçən dövrün təhlili göstərir ki, uğurlarımızın əsasında dayanan əsas amillərdən biri məhz dövlətimizin müstəqil siyasət yürütməsidir. Bu səbəbdən də ölkəmizin beynəlxalq aləmdə nüfuzu davamlı olaraq yüksəlir. Təsadüfi deyil ki, Azərbaycan dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bir çox üzv ölkənin – 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynayıb. Cənab Prezidentin müsahibədə dediyi kimi, Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı.

Dövlət başçısı müsahibəsində Ermənistanın işğal siyasətinin nəticələri, torpaqlarımızın öz gücümüzə azad edilməsi və Ermənistanla sülh sazişinin imzalanması perspektivləri barədə də fikirlərini ifadə edib. Bir daha bəyan etdi ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Həqiqətən də Ermənistanın hələ sentyabrın 11-də onlara təqdim olunmuş sülh sazişi layihəsinə iki ay yarım sonra cavab verməsi rəsmi İrəvan süni olaraq prosesi ləngitmək istəyindən xəbər verir. Cənab Prezident də Qarabağdakı qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana danışıqlara getməyə mane olan əsas amilin ardan qaldırıldığını xüsusi olaraq vurğulamaqla faktiki olaraq Ermənistan rəhbərliyini bundan sonra daha cəsarətli və qətiyyətli olmağa dəvət etmiş oldu.

Prezident müsahibədə həmçinin Qarabağdan köçən ermənilərlə bağlı fikirlərə də aydınlıq gətirməklə bir qism dövlətlərin əsassız iddialarına da cavab vermiş oldu: “Bütün dünyaya məlumdur ki, erməni sakinlər Qarabağı könüllü tərk ediblər. Onların qalıb yaşaması üçün heç bir maneə yox idi. Azərbaycan dövlətinin Qarabağ erməniləri ilə bağlı verdiyi bəyanatlar, həmçinin atdığı addımlar bunu bir daha sübut edir. Qayıtmaq istəyənlər üçün elektron qeydiyyat portalı yaradılıb. Amma bundan fərqli olaraq Qarabağ hadisələri başlayarkən soydaşlarımız Ermənistan ərazisindən məcburi şəkildə qovuldu, bir çoxu qətl edildi, əmlakları talan olundu, mədəni-dini abidələrimiz məhv edildi. Təbii ki, bu insanların da öz torpaqlarına qayıtmaq hüququ tanınmalıdır” deyən prezident bununla həm də beynəlxaq ictimaiyyətin diqqətini Ermənistandan qovulan Azərbaycanlılar məsələsinə yönəltmiş oldu. Xüsusilə indiki mərhələdə bu məsələnin diqqətlərdə saxlanılması olduqca önəmlidir. Ermənilərin qayıdıb yaşamasının zəruriliyini deyən və bu məsələdə bar-bar bağıran ayrı-ayrı dairələr Ermənistandan qovulmuş azərbaycanlıların məsələsini də öz gündəliklərinə daxil etməyə borcludurlar.

Bütövlükdə, dövlətimizin başçısının müsahibəsinin regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyə bilərik.

Müslümova Gültəkin,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button