Keçmişini unudan xalqlar hər zaman fəlakət yaşayıblar
35 ildir ki, təhsilin müxtəlif sahələrində fəaliyyət göstərirəm. Bu müddət ərzində Azərbaycanın çətin günlərinə şahid olmuş, vətənpərvər müəllim, direktor və nəhayət vətəndaş kimi şagirdlərə vətənpərvərlik ruhu aşılamışam. Onları Qarabağın bir gün azad ediləcəyinə inandırmışam. Çünki buna özüm də inanmışam.
Vətən həsrəti bir az uzun çəkdi, amma sona çatdı. Uzun illərdir ki, davam edən erməni işğalını dayandıran Ulu öndərin layiqli davamçısı İlham Əliyev bu həsrətə son deyərək bayrağımızı qürurla işğaldan azad olmuş torpaqlarda dalğalandırdı.
Əlbəttə ki, onun 44 günlük müharibə ilə bağlı çıxışlarını vətənpərvər mövqeyi olan hər bir vətəndaş böyük maraqla izləyir. Elə bu səbəbdən də İlham Əliyevin 2023-cü ilin 6 dekabr tarixində xarici ekspertlərin iştirakı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyət və çətinliklər” forumunda çıxışı böyük maraq doğurdu.
Cənab İlham Əliyev çıxışında öz sülhsevər mövqeyini ortaya qoyaraq bildirdi ki, Azərbaycan münaqişəni hər zaman dinc yolla həll etmək istəmişdir. Amma bununla yanaşı o, xarici ekspertlərə xatırlatdı ki, Ermənistana məxsus çox sayda hərbçi beynəlxalq hüquqa məhəl qoymadan Qarabağda yerləşdirilmişdi. Bu səbəbdən sülh ilə bağlı ümidlər tükənmişdir. O, Azərbaycanı son həddə gətirən iki məqamı vurğuladı: birincisi, Ermənistanın baş nazirinin Qondarma Dağlıq Qarabağ Respublikasının dırnaqarası müstəqilliyi münasibətilə təbriki, digəri isə Qondarma Dağlıq Qarabağ Respublikasının prezident seçkiləri idi. Bu səbəbdən də Azərbaycan Respublikası müvafiq addımlar atdı və bir gündən də qısa vaxtda antiterror əməliyyatı nəticəsində suverenliyini bərpa etdi. Azərbaycan öz humanist mövqeyini ortaya qoyaraq əməliyyatı elə apardı ki, dinc əhaliyə itki üz vermədi.
Cənab İlham Əliyevin sözlərinə dəstək olaraq xatırlatmaq istəyirəm ki, ermənilər tarixən Azərbaycan xalqına arxadan zərbə vursalar da, biz döyüşdə üzbəüz vuruşduq. Müharibə və daha sonra antiterror əməliyyatları zamanı belə biz mülki əhaliyə qarşı zor tətbiq etmədik. Ermənilərdən fərqli olaraq biz uşaqların, qocaların, qadınların qanını tökmədik. Müharibə belə müəyyən çərçivələr, qaydalar əsasında aparılır. Azərbaycan da Ermənistan kimi beynəlxalq hüquq və normalara məhəl qoymasa idi, onda bizim mənfur düşmənlərimizdən nə fərqimiz olardı?!
Ölkə başçısı beynəlxalq hüquq normalarına istinad edərək bildirdi ki, Azərbaycan addımlarını BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq atıb. İstənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin. Zənnimcə, beynəlxalq hüquq normaları ilə tanış olan bütün ölkələrin nümayəndələri də bilir ki, bu qaydalar hər kəs üçün mütləqdir və ayrı-seçkiliyə yol vermək olmaz.
Hər bir azərbaycanlı kimi məni də 30 ildir ki, düşmən tapdağında darmadağın olmuş tarixi-mədəni abidələrin, evlərin, məktəblərin, qədim tikililərin taleyi narahat edirdi. Çünki Qarabağda Üzeyirin nəğməsi, Xanın səsi, ulu babaların nəfəsi, igidlərin at oynatdığı yerlərdə ayaq izləri vardır. Bu yerlər yenidən əvvəlki görkəminə qayıda biləcəkmi deyə daim narahatlıq hissi keçirirdim. Cənab İlham Əliyev forumda çıxışında Qarabağdakı quruculuq və bərpa işlərinə də nəzər saldı. O bildirdi ki, Azərbaycanın qarşısında prioritet məsələlərdən biri məcburi köçkünlər üçün yaxşı şərait və iş yerləri yaratmaqdır. Hətta Azərbaycan Qarabağda yaşayan erməniləri də öz vətəndaşı hesab edir. Dövlətimiz onlara həmin ərazidə qalmaq üçün beynəlxalq hüquqa uyğun şərtlər təklif edir.
Prezident belə bir fikir bildirdi : “ Sülh sazişi, əlbəttə ki, əsas şərtdir, lakin yeganə şərt deyil. Onlar bizim indi bir-birimizi tərəfdaş kimi qəbul etdiyimizi nümayiş etdirməlidirlər. Paralel olaraq barışıq prosesi getməlidir. Ziyalılar, ictimai rəyə təsir edə biləcək insanlar arasında təmaslar daha çox olmalıdır və daha az nifrət nümayiş etdirilməlidir”. Onun bu fikrinə qoşularaq bildirmək istəyirəm ki, mən də bir ziyalı pedaqoq, məktəb rəhbəri kimi cəmiyyətdə ictimai rəy yaratmaq, tolerant düşüncə formalaşdırmaq üçün öz növbəmdə işlər görürəm.
Cəmiyyətdə belə bir fikir formalaşmalıdır ki, nifrətlə, kin bəsləməklə dünya ölkələri arasında nüfuzdan düşə bilərik. Nifrət, kin bəsləmək yalnız bizim düşmənlərimizin nümayiş etdirdiyi yoldur. Azərbaycan xalqı tarixən humanist, tolerant mövqedə olmuşdur. Hətta “Dədə Qorqud” dastanında da görürük ki, türklər qaçanı qovmur, aman diləyəni buraxırlar. Amma düşməni dost hesab etmək də türklərə yad xüsusiyyətdir. Əlbəttə ki, bu gün biz ermənilərin Azərbaycan xalqına qarşı terrorist mövqeyini unuda bilmərik. Çünki tarix onu unudanları bağışlamır. Bununla yanaşı, biz humanist, tolerant xalq olduğumuzu da nümayiş etdirməliyik.
Forumda diqqətimi çəkən bir mühüm məsələ prezidentin Azərbaycan COP29-a ev sahibliyi etməyə hazır olmasını bildirməsi idi. Azərbaycanın tezliklə COP29 konfransına ev sahibliyi edəcək ölkələrdən biri kimi müsabiqədə iştirak üçün ərizə verməsini bilmək məni bir vətəndaş kimi çox sevindirdi.
Ürək yanğısı ilə bildirmək istəyirəm ki, 30 il ərzində işğal altında qalan torpaqlarımıza, xüsusilə də Kəlbəcər, Laçın və Zəngilan meşələrinə ziyan dəyib. Həmin ərazilərdə ağacların kəsilməsi ekoloji tarazlığa zərər vermişdir. Zəngilan ərazisindən keçən Oxçuçayın suyu sarı rəngə boyanmışdır. Prezident bu məsələyə də diqqət çəkərək bildirdi ki, hal-hazırda işğaldan azad edilmiş ərazilərə dəyən ekoloji zərərin düzgün qiymətləndirilməsi dövlətin nəzarəti altındadır.
Cənab prezident öz çıxışında uzun müddətdir ki, gözlənilən məsələyə də aydınlıq gətirdi. Hər bir vətənpətvər şəxsi narahat edir ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən şirkətlər var. Bu şirkətlərlə bağlı İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra hüquqi prosedurlar başlanıb. Hal-hazırda qiymətli metalların hasilatı ilə məşğul olan şirkətlərlə bağlı lazımi proseduralar görülür. Dövlət vətənimizin təbii sərvətlərini qeyri-qanuni şəkildə mənimsəyənləri məsuliyyətə cəlb edir.
Vətənin sərvətlərini talayanlar, əminəm ki, cəzasız qalmayacaqlar. Axı bu torpağın həm üstü, həm də altı sərvətlərlə doludur. Bu torpağın hər qarışı, sərvəti bizə ulu babalarımızdan yadigar qalıb. Bu yurda və onun sərvətlərinə sahib çıxmasaq, torpağımızı qoruyan igidlərin ruhu bizi bağışlamaz. Elə bu səbəbdən də yurdumuza sahib çıxan, onu göz bəbəyi kimi qoruyan, düşmənə lazım gəldikdə dəmir yumruğunu göstərən ali baş komandanımızın ətrafında hamımız bir olmalıyıq. Bu yolda cəmiyyətin bütün nümayəndələri birləşməli, eyni amal uğrunda hərəkət etməlidir. Bizim bir yolumuz, bir amalımız var: “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycanın parçası olan Qarabağ!”
Adil Əliyev,
Xəzər rayonu, 124№li məktəbin direktoru



