Özünə inam və xalqın dəstəyinə əminlik
Bir ölkənin dinamik inkişafı, dünyada nüfuz və söz sahibinə çevrilməsində onun coğrafi quruluşu və maddi mədəni irsi ilə yanaşı, siyasi meydanda öz sözünü deyən şəxsiyyətlərinin də rolu danılmazdır. Azərbaycan xalqının da inamla irəli getməsinin başlıca səbəbi, məhz Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin çoxşaxəli və düşünülmüş siyasətinin nəticəsidir.
44 günlük Vətən müharibəsi ərzində müzəffər ordumuzun şücaəti, Ali Baş Komandan İlham Əliyevin beynəlxalq kürsülərdə qətiyyətli çıxışları və yeritdiyi sarsılmaz siyasəti qələbəni təmin edən əsas amillərdir. Ərazi bütövlüyümüz və tarixi ədalətin bərpası isə çoxəsirlik tarixə qızıl hərflərlə yazılan şanlı səhifələrdən biridir.
İlham Əliyev 15 oktyabr 2023-cü ildə Azərbaycan bayrağını Xankəndi şəhərinin mərkəzi meydanında qaldıraraq 20 il əvvəl qarşıya qoyulmuş bütün öhdəliklərə nail oldu. Ümummilli liderimizin ən böyük arzusu isə 7 fevral 2024-cü ildə prezident seçkilərinin Azərbaycanın bütün ərazilərində keçirilməsi ilə reallaşacaq. Azərbaycan xalqının suveren hüquqlarının bütöv Azərbaycanda təmin edilməsi özü də yeni bir eranın başlanğıcından xəbər verir. İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verdiyi sərəncam, sözün əsl mənasında Azərbaycan xalqının öz liderinə olan sevgi və etimadını göstərmək üçün bir fürsətdir.
30 illik həsrətin ardından öz yurd-yuvasına qayıdan insanların gözlərindəki sevinc və minnətdarlıq hissi, bir yumruq ətrafında birləşərək göstərdiyi dəstəyin və inamın təzahürü olan növbədənkənar seçkiləri Zəfər seçkisi də adlandırmaq olar. İlham Əliyevin 20 il əvvəl başlatdığı uğurlu siyasətin bir parçası olan, bütün dünyaya səs salacaq növbədənkənar prezident seçkilərində də heç şübhəsiz ki, xalqımız öz azad iradəsi ilə hər zaman olduğu kimi Prezidentimizin yanında olacaq və onun siyəsətini dəstəkləyəcək.
İsmayıllı Aytac,
Xəzər rayonu, R.Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi



