“Kəlbəcər” Toponimi
Qürurverici haldır ki, Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi hərbi zəfərinin növbəti qələbəsi Azərbaycan Ordusunun bölmələrinin noyabrın 25-də Kəlbəcər rayonuna daxil olması ilə davam etdi. Ağdamdan sonra “Azərbaycanın ikinci Qobustanı” adlandırılan Kəlbəcər kimi mühüm və strateji əhəmiyyətli, o cümlədən çətin relyefə malik bir rayonun bir güllə atılmadan və qan tökülmədən işğaldan azad edilməsi Azərbaycanın şanlı tarixi zəfəridir.
Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kəlbəcər rayonu Ermənistanla sərhəd rayonudur. Rayon şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə əhatə olunub. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Ən hündür zirvələri Camışdağ (3724 m) və Dəlidağda (3616 m) yerləşir. Əhalisi 1 yanvar 2020-ci il tarixinə olan məlumata əsasən, 77 min nəfərdir. Hazırda rayondan məcburi köçkün düşənlərin 22%-i Gəncədə, 14%-i Bakıda, 12%-i Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıb. Kəlbəcər qədimliyinə görə həm də “Azərbaycanın ikinci Qobustanı” adlandırılır. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı – “əkiz”ləridir. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cisimlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini aydın şəkildə əks etdirir.
Kəlbəcərdə dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır, onlar Gəncəsər və Xudavəng monastırlarıdır. Gəncəsər monastırı (məbədi) Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Qafqaz Albaniyasının tarixi və memarlıq nöqteyi-nəzərindən ən möhtəşəm və məşhur xristian kompleksi – Gəncəsər monastırı Ermənistan tərəfindən “təmir-bərpa” işləri adı altında saxtalaşdırılıb, erməni abidəsi kimi təqdim edilib. İşğaldan sonra abidənin daşları üzərində olan yazılar dəyişdirilib, bu alban incisinin erməni tarixi abidəsi olması barəsində materiallar yayılıb. Gəncəsər kompleksinin xarici divarlarında Alban patriarxiyası zamanı həkk olunmuş çoxsaylı qədim yazılar da interyerində olan yazılar kimi, erməni vandalizminə məruz qalıb.
Rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir. Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədulla ziyarətgahı uzun illər işğal altında qalaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılıb. Kəlbəcərdə bitən 4 min adda bitkinin təxminən 200-ü dərman bitkisidir. Kəlbəcərdə 76 növ mineral, 36 süxur növü olduğu məlumdur. Buna görə də Kəlbəcər həm də geoloqlar tərəfindən “daş xəzinəsi” kimi qəbul edilir. Qeyd etməliyik ki, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib.
Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağacları da kütləvi şəkildə qırılıb. Bütün bunlarla yetinməyən işğalçı ermənilər Kəlbəcərlə birdəfəlik vidalaşarkən belə öz vandallıqlarını nümayiş etməkdən utanmadılar.
Azərbaycanın tarixi torpaqlarına sahib çıxdıqlarını zənn edərək təbii sərvətlərimizi talan edən ermənilər Kəlbəcərdə ağacları kəsdilər, evlərə, meşələrə od vurdular. Bu, əsl ekoloji terrordur. Bu işğalçı Ermənistan hakimiyyətinin əsl iç üzüdürGöründüyü kimi, bu gün qüdrətli Azərbaycan işğaldan azad olunan ərazilərimizi həm də erməni vəhşiliyindən, faşizmindən xilas edir. Kəlbəcər rayonunun işğaldan azad edilməsi Azərbaycan üçün həm strateji, həm siyasi, həm də iqtisadi baxımdan böyük qələbədir.
Əsədov Nazim,
Xəzər rayonu, 256 nömrəli tam orta məktəbin müəllimi