Analitika

Azərbaycan İƏT-in işində fəal iştirak edir

Cari ilin 9 noyabr tarixi Prezident İlham Əliyevin Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında iştirakı və çıxışı ilə yadda qaldı.

Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il Prezident İlham Əliyev Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etdiyini bildirdi. Ölkə başçısı qeyd etdi ki, Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.

Dövlət başçısı bildirdi ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bunun sayəsində Avrasiyanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Artıq bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işlər gedir.

Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatdırılacaq. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar tikilərək istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatdırılacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Azərbaycan Prezidenti Ermənistanın ölkəmizin ərazisinin 20 faizə qədərini təqribən 30 il ərzində işğal altında saxladığını, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurdlarından qovulduğunu, qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı qeyd edib ki, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi. Ərazi bütövlüyümüz və suverenliyimiz güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa edildi. Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.

Erməni vandalizmindən danışan ölkə başçısı qeyd etdi ki, işğal dövründə Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtmış və təhqir etmişdir. 67 məsciddən 65-i dağıdılmış, qalanları isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunmuşdur.

Bu tədbirdə təşkilata üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu. ECO-ya üzv ölkələrin liderləri, eyni zamanda, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr apardılar. Xatırladaq ki, 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Prezident İlham Əliyev bununla bağlı fikirləri dediklərimizi təsdiqləyir: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisdi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb.

 

Sara Quliyeva,
Xəzər rayonu, 125 li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button