Analitika

Tarixi ədaləti bərpa edən xalqlar tarix səhifəsinə qızıl hərflərlə yazılır

Zaman hər xalq üçün fərqli sınaqlarla hökm sürər. Azərbaycan xalqı bu sınaqlardan ən ağırını topraqlarının işğal olunmasını, xalqına zülm edilməsini yaşamışdır. Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasətinin uğurla sonlandırılması dövlət siyasətimizin ana xəttinə xidmət etmişdir. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər erməni təxribatları davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr və “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 1948-ci il 10 mart tarixli qərarları ilə 100 min azərbaycanlı 1948-1950-ci illərdə “könüllülük prinsipinə əsasən” Azərbaycana köçürülməli idi. Deportasiya prosesi 1956-cı ilə qədər davam etdirilmiş, 150 mindən çox azərbaycanlı ata-baba yurdundan zorla köçürülmüşdür. Onların Azərbaycanın əsasən Aran bölgəsində (Zərdab, Əli-Bayramlı (Şirvan), Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər), Salyan, İmişli, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Saatlı) yerləşdirilməsi nəticəsində hər üç nəfərdən biri yeni şəraitə, isti, quru iqlimə, məişət təminatsızlığına uyğunlaşa bilməyərək aclıq və xəstəlikdən ölmüşdür. 1988-ci ildə deportasiya olunmuş azərbaycanlı əhalinin sayı 230 min nəfər (49928 ailə) olmuşdur. Bakıda və SSRİ-nin başqa şəhərlərində təhsil alanlar, təhsil alıb təyinatla işləməyə göndərilənlər, SSRİ-nin müxtəlif şəhərlərində hərbi xidmətdə olanlar da nəzərə alınarsa, deportasiya olunanların sayı 300 min nəfərə yaxın olmuşdur.  Əzəli Azərbaycan torpaqlarının işğalı uzun illər ərzində aparılmış təcavüzkar siyasətin nəticəsi idi. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.

Zəfər salnaməsində xalqımızın qorxmaz ordusu Ali Baş Komandanı İlham Əliyevin əmri ilə tarixi ədalətin bərpa edilməsi baş verdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. 5 hektar ərazini əhatə edən Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.

“Dəmir yumruq” milli birliyin və gücün rəmzidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.

Gülər İsmayılova,
Xəzər rayonu,  156 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button