Analitika

Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir

“Şadam ki, gənc nəsil də-füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər”. Oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər bir daha təsdiqləyir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq. Bu, xalqımızın böyüklüyünü göstərir. İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq”, – deyə Prezident bildirib.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə  yaşayış məntəqələrinin bərpasında yeni yanaşmalar tətbiq edir. Belə ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün yaşayış məntəqələrinin bərpasında “Ağıllı kənd” və “Ağıllı şəhər” konseptlərindən istifadə olunur. İlk belə layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Füzuli rayonunun yaşayış məntəqələri də müasir tələblər səviyyəsində bərpa olunacaqdır. Hazırda burada regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunmaqdadır. Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı.

“Böyük Qayıdış Proqramı”nın birinci mərhələsinin sonunda, yəni 2026-cı ilin sonunadək Füzuli rayonunda yaşayan insanların sayı 22 min, ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin yaşayacağı proqnozlaşdırılır. Görülən bütün işlər, aparılan islahatlar məhz bu istiqamətdədir və burada icra olunan bütün layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. İşğaldan tam azad olunmuş Füzulidə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə müasir standartlara cavab verən yeni məktəb, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması xalqlarımız arasında dərin dostluğun rəmzidir və inşa olunan yeni müəssisələr burada yaşayan uşaqların yüksək səviyyədə təhsil almalarına, asudə vaxtlarının maraqlı, əlverişli keçirmələrinə şərait yaradacaqdır.

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir.

Həmçinin qeyd etmək lazımdır ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulidə yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Bilirik ki, 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı təsis edilmiş və Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu ilə bu medal ilə təltif olunmuşdur. Eyni zamanda cənab Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr “Füzuli şəhəri günü” kimi müəyyən olunub.

İşğaldan azad olunmuş ərazilərdə insanların rahat yaşaması dövlətin prioritet vəzifələrindəndir. Bu baxımdan bütün layihələri icra edərkən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları yüksək səviyyədə olsun. Həm şəhərin özündə, həm də kəndlərdə yaşayacaq vətəndaşlar dövlət tərəfindən mavafiq avadanlıqlar, texnika, mal-qara, bütün lazımi vasitələrlə təmin olunacaqdır. Bu ərazilərdə xüsusi özünüməşğulluq proqramı icra ediləcəkdir ki, qısa zaman ərzində nəticə əldə olunsun. Və müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcəkdir.

Müharibə başlayarkən xalqımızın qələbəyə olan inamı kimi, işğaldan azad olunmuş ərazilərin də tezliklə cənnətə çevriləcəyinə heç kim şüphə etmir. Öz Prezidentinə arxalanan xalqımız 20 il bundan öncə etdiyi seçimdən məmnundur və Vətən Müharibəsi dövründə olduğu kimi, yenə də Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək Dəmir Yumruq kimi möhkəm dayanmışdır. Xalqımız əmindir ki, ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə bütün planlarımız qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.

Ofeliya Məmmədzadə,
Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının,
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button