Azərbaycanın dayanıqlı inkişafını təmin etmiş peşəkar dövlət siyasəti
Tarixdə adı dövlətçiliyin rəmzinə çevrilən çox az siyasi liderə rast gəlmək mümkündür. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər Heydər Əliyev məhz belə bir Lider idi. Heydər Əliyevin milli tərəqqinin, elmin, mədəniyyətin və mənəviyyatın inkişafının əvəzedilməz vasitəsi olan təhsilə töhfələri, qayğısı, xalqın maariflənməsi, təhsil sisteminin ahəngdar inkişafı yolundakı xidmətləri ölçüyəgəlməzdir. Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də mədəniyyətə böyük töhfə vermiş olurlar.
Belə ki, möhtərəm Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi qəbul edilir. Ulu Öndər Heydər Əliyev təhsilin, cəmiyyətin inkişafındakı rolundan danışarkən deyir: “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik.
Uzaqgörən siyasətçi olan Heydər Əliyev özündən sonra Azərbaycanı etibar edəcək, onu zirvələrə qaldıracaq namizəd kimi İlham Əliyevi görürdü. Çünki İlham Əliyev Onun siyasi kursunun davamçısı, Heydər Əliyev məktəbinin canlı dinləyicisi idi. Ona görə də dahi şəxsiyyət Heydər Əliyev 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciət edərək demişdir: “Üzümü Sizə-həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Belə də oldu. Ümummilli Lidеrimizin təməlini qоyduğu, möhkəmləndirdiyi Azərbaycan bu gün еtibаrlı zəmin üzərində inkişаf еtdirilir. Hеydər Əliyеv siyаsi kursunun lаyiqli dаvаmçısı Prezident İlhаm Əliyеvin böyük səyləri sаyəsində Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətləri unudulmazdır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandırmaqda davam edəcəkdir. Bütövləşən Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasi kursunun laiqli davamçısı cənab İlham Əliyevin möhtəşəm uğurudur!
Bağırov Əbülfət,
Xəzər rayonu, 218 nömrəli tam orta məktəbin direktoru



