Analitika

Dahi şəxsiyyətin laiqli davamçısı!

Dahi siyasi şəxsiyyət Heydər Əliyev 2003-cü ilin prezident seçkiləri ərəfəsində ABŞ-ın Klivlend xəstəxanasında müalicə olunurdu. O, səhhəti ilə əlaqədar seçkilərdə iştirak edə bilməsə də, dövlətini, xalqını yetişdirdiyi siyasi rəhbərə əmanət etdi. Ulu Öndər həmin ilin 1 oktyabr tarixli müraciətində deyirdi: “Üzümü Sizə-həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Bəli, o ümidlər çox keçmədən özünü doğrultdu. Bu dahi şəxsiyyətin uzaqgörən siyasətinin Azərbaycan xalqına daha bir ərmağanı idi. 2003-cü il 15 oktyabr tarixində keçirilən prezident seçkilərində seçicilərin 76 faizdən çoxunun səsini qazanan İlham Əliyev Azərbaycana rəhbər təyin edildi. Xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdi. Beləliklə, Ulu Öndərin siyasi kursu yaşamağa davam etdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını onun qoyduğu siyasi əmanətə arxalanmaqla bir daha sübut etdi.

Dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın, milli-mənəvi dəyərlərimizin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin qorunması dayanırdı. Ulu Öndərin siyasi xəttini davam etdirən İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın müttəfiqlərinin və dostlarının sayı artdı. Ölkənin inkişafının təməlində dayanıqlılığa malik iqtisadi güc durur. Bu məqsədlə Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.

Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan dövlətinin əhəmiyyəti olduqca böyükdür. Belə ki, neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə nail oldu. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. 2017-ci ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına başlanıldı. Bu Azərbaycanın nə qədər önəmli və əhəmiyyətli ölkə kimi tanınmasında əldə olunan uğurlardan biri idi.

Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Ulu Öndərin də dediyi kimi İlham Əliyev xalqın firavanlığı yolunda çox böyük işlər gördü. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Getdikcə Azərbaycanın regional statusunun əhəmiyyəti durmadan artır. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır. Ölkənin başında duran liderin əzmkarlığı, yeritdiyi uğurlu daxili və xarici siyasət buna bariz nümunədir. Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. O, demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi. Bir xalq üçün bundan önəmli nə ola bilərdi ki? Hərtərəfli siyasi baxış ölkə başçısının nə qədər intelektual bir şəxsiyyət olduğundan xəbər verirdi.

Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. İndi Azərbaycanda müasir cəmiyyət mövcuddur. Yüksək təhsilli gənclər bu gün Azərbaycan dövlətinə öz töhvələrini verməyə davam edirlər. Ümummilli liderin dediyi kimi, İlham Əliyev xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirməyi bacardı. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi.

Demokratik inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda işlək və təhdidlərə qarşı immuniteti olan siyasi sistem bərqərar olunub. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır. Güclü və müasir orduya malik Azərbaycan bu müharibədə düşmənə öz gücünü göstərmişdir. Bu 44 gündə xalq-rəhbər birliyi bütün dünyaya səs salmışdır.

Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.

İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Təqaüdlərin və əmək haqlarının mütəmadi artırılması, eyni zamanda vətəndaşların rifah içində yaşaması ölkə başçısının qarşısında duran ən mühüm məsələlərdən biridir. Azərbaycanda sürətli inkişaf dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sahəyə ciddi sirayət edib və bir çox sosial proqram, habelə layihələrdə real əksini tapıb. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Bu məqsədlə ölkədə mütəmadi sosial layihələr həyata keçirilir. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.” Bəli bu fikir həyata keçirilən sosial işlərdə öz təsdiqini tapır.

Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli-mənəvi dəyərlərin daim uca tutulması və gənc nəslə aşılanması diqqət mərkəzindədir. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırdı. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu müddət ərzində ölkəmiz dünya siaysətini müəyyən edən 15 dövlətdən biri oldu. Aparılan uğurlu xarici siyasət nəticəsində dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Qarabağ qədim Azərbaycan torpağıdır və bu torpaq tarixən Azərbaycan türklərinin yaşadığı məskən olmuşdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir.

Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli ölkəyə çevrilə bilib. Azərbaycan enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri bu əsasda qurur. Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Prezident İlham Əliyevin “XXI əsrin müqaviləsi” adlandırdığı 2013-cü ilin dekabrında imzaladığı müqavilə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan böyük layihələrdən biridir. Bu müqaviləyə əsasən həyata keçirilən TANAP və TAP qaz kəmərləri artıq reallığa çevrildi. Xəzərdən İtaliyaya qədər yol gedən Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyi üçün ölkəmizin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha vurğuladı. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. İnformasiya, su, ərzaq, enerji və digər istiqamətlər üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı görülmüş tədbirlər xüsusi qeyd olunmalıdır. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi buna misal ola bilər. Hər bir istiqamət üzrə qəbul olunan Dövlət Proqramları mövcud məsələlərdə dövlətin potensiallarının səfərbər olunmasına xidmət edib.

Prezident İlham Əliyevin dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. Yeni məktəblər tikildi, xeyli istirahət parkları salındı, müalicə-diaqnostika mərkəzləri istifadəyə verildi. Azərbaycanın gündən-günə inkişaf edən iqtisadiyyatı imkan verir ki, ölkədə müxtəlif sahələrdə yeni istehsal müəssisələri tikilib istifadəyə verilsin. Ötən müddət ərzində Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı və bunun nəticəsində yoxsulluğun səviyyəsi aşağı düşdü. Əhalinin rifahının yüksəlməsi yolunda bu xüsusi diqqət olunmalı məsələrdən biridir. Ən vacibi isə bu məsələ hər daim dövlət başçısının diqqət mərkəzindədir.

Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Hər il yeni tikilən və müasir infrastrukturaya malik olan təhsil ocaqları gənc nəslin daha təcrübəli və bacarıqlı yetişməsi üçün həyata keçirilən tədbirlərdən sayılır. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Onlar böyük qürurla Azərbaycanı beynəlxalq arenalarda da layiqincə təmsil edə bilirlər.

Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi münasibətlərdə dialoq mühitinin təşviq olunması dövlət başçısının demokratik dəyərlərə sadiqliyinjn təzahürüdür. Açıq siyasi dialoq ölkənin siyasi gündəliyini xarakterizə edən əsas amillərdən biridir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi ənənəsi formalaşdırılmışdır. 16 dekabr 2022-ci il tarixində qəbul olunmuş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu siyasi partiyalar müstəvisində sistemli münasibətlərinin mövcudluğunu, habelə demokratik fəaliyyət meyarlarını müəyyən etmişdir. Bu Azərbaycanın çoxpartiyalı demokratik ölkə olmasından xəbər verir. Ölkədə həyata keçirilən tədbirlər demokratik cəmiyyət prinsiplərinə xidmət edir. Ölkədə siyasi dialoqun daha yüksək nəticələrinin əldə olunması üçün ötən müddət ərzində müxtəlif sahələrin potensialına da müraciət edilmiş, siyasətçilər ilə yanaşı, politoloqlar, müvafiq ixtisaslar üzrə mütəxəssislər, alimlər, media nümayəndələri və ictimai sektorun qadın fəalları ilə müxtəlif səpkili görüşlər təşkil edilmişdir və bu istiqamətdə fəaliyyət davam etdirilir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 21 noyabr 1992-ci ildə qoyulan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü və siyasi təsisatına çevrilmişdir. 720 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı (rayon təşkilatı) mövcuddur. Hazırda YAP-ın 720 830 nəfər üzvü vardır. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını müəyyən etmişdir. Qurultayda Partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq edilmişdir. 2021-ci ildə YAP-ın Proqramı qəbul olunmuşdur. Ölkənin həyatında baş vermiş mühüm hadisələr ilə bağlı siyasi partiyalar tərəfindən birgə bəyanatların verilməsi və işğaldan azad olunmuş ərazilərə iqtidar-müxalifət partiyalarının birgə səfərlərinin təşkili Azərbaycanda yaşanan həmrəylik mühitinin təcəssümüdür. Birgə bəyanatların verilməsi təcrübəsi milli həmrəyliyə, habelə sağlam əməkdaşlıq ənənələrinin zənginləşməsinə xidmət edir. Siyasi partiyalar tərəfindən ümumilikdə 9 birgə bəyanat və 2 birgə müraciət imzalanmışdır. Bundan başqa, siyasi partiya nümayəndələrinin, politoloqların 2021-ci il 17 mart tarixində Ağdam şəhərinə, 7 oktyabr tarixində Şuşa şəhərinə, 2022-ci il 24 iyun tarixində Zəngilan rayonuna səfərləri təşkil olunmuşdur. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanda demokratik cəmiyyət gündən-günə inkişaf edir.

Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi–işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Prezident İlham Əliyev hər dəfəsində də vurğulayırdı ki, Qarabağın bir qarış torpağını belə düşmənə güzəştə getməyəcəyik. Belə də oldu. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bu xalq öz rəhbərinin ətrafında Dəmir yumruq kimi birləşdi. Çünki xalq Zəfərə susamışdı. Zəfər yolu isə birlikdən keçirdi.

Səfərova Aynur,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button