
25 Noyabr – Kəlbəcər şəhəri günü Kəlbəcər – daşına, torpağına, hər qarışına tarix hopmuş, təbiətin yaratdığı möhtəşəmliyin milli yaddaşla qovuşduğu qədim Azərbaycan diyarı. Onun taleyi bir xalqın yurd həsrətini, mübarizə əzmini və tarixi ədalətin bərpasına olan inamını özündə əks etdirir. Uzun illər işğalın ağrı-acısını yaşayan Kəlbəcər bu gün azadlığın, dirçəlişin və Böyük Qayıdışın rəmzinə çevrilib. 25 noyabr isə bu tarixi yolun ən mühüm səhifələrindən biri kimi Azərbaycan xalqının yaddaşında yaşayır. Kəlbəcərin işğalı Azərbaycanın müasir tarixində ağır faciələrdən biri kimi yadda qalıb. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayonun əhalisi doğma yurd-yuvasından didərgin salındı, yaşayış məntəqələri dağıntılara məruz qaldı, tarixi və mədəni irsimizə ciddi ziyan vuruldu. Kəlbəcərin işğalı yalnız bir ərazinin itirilməsi deyildi; bu, minlərlə insanın həyatında dərin iz buraxan, ailələri doğma torpaqlarından ayıran, tarixi yaddaşa və milli-mənəvi dəyərlərə zərbə vuran faciə idi. Beynəlxalq ictimaiyyətin bu hadisəyə münasibəti BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə öz əksini tapdı. Qətnamədə Kəlbəcərin və Azərbaycanın digər işğal olunmuş ərazilərinin zəbt edilməsinə son qoyulması, işğalçı qüvvələrin dərhal çıxarılması tələb olunurdu. Sənəddə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiqlənirdi. Lakin beynəlxalq hüququn bu tələblərinə baxmayaraq, uzun illər ərzində qətnamələrin icrası təmin edilmədi, Kəlbəcər və digər Azərbaycan torpaqları işğal altında saxlanıldı. İşğal dövründə Ermənistan tərəfindən rayonun ayrı-ayrı yaşayış məntəqələrində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirildi. Bu siyasət beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, Kəlbəcərin tarixi demoqrafik mənzərəsinin dəyişdirilməsinə, Azərbaycan xalqının bu torpaqlardakı izlərinin silinməsinə yönəlmişdi. Eyni zamanda, rayonun təbii sərvətləri istismar edilir, tarixi-mədəni abidələrə qarşı vandalizm əməlləri törədilirdi. Bütün bunlara baxmayaraq, kəlbəcərlilərin doğma yurda qayıdış ümidi heç vaxt sönmədi. Kəlbəcər yaddaşlarda, xatirələrdə və gələcəyə dair arzularımızda yaşamaqda davam etdi. Azərbaycan xalqının tarixi ədalətin bərpasına olan inamı 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərlə gerçəkliyə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başlandı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarıldı. Beləliklə, uzun illər doğma torpaqlarından ayrı düşmüş kəlbəcərlilərin qayıdış arzusu yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü kimi təsis edildi. Bu qərar tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsi, xalqımızın yaddaşında xüsusi yer tutan günün gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azadlığa qovuşan Kəlbəcər bu gün genişmiqyaslı bərpa və quruculuq mərhələsini yaşayır. Şəhərin gələcək inkişafı müasir şəhərsalma prinsipləri, dayanıqlı infrastruktur, ekoloji yanaşma və sakinlərin rahat yaşayışının təmin edilməsi əsasında planlaşdırılır. Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 235 nömrəli qərarı ilə təsdiq edilib. Baş planda şəhərin yaşayış, ictimai, sosial, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun kompleks şəkildə qurulması, yaşıllıq ərazilərinin genişləndirilməsi, tarixi-mədəni irsin qorunması və turizm potensialının inkişafı əsas istiqamətlər kimi müəyyənləşdirilib. Bu yanaşma Kəlbəcərin yalnız yenidən qurulmasını deyil, gələcəkdə müasir, rahat və dayanıqlı yaşayış məkanına çevrilməsini hədəfləyir. Kəlbəcərin inkişaf perspektivlərini müəyyənləşdirən mühüm amillərdən biri də onun zəngin təbii sərvətləri və enerji potensialıdır. Dağlıq relyefi, çayları və su ehtiyatları rayonun hidroenergetika imkanlarını genişləndirir. Bu potensialdan səmərəli istifadə məqsədilə Kəlbəcərdə bir sıra kiçik su elektrik stansiyaları inşa edilir və istismara verilir. “Kəlbəcər-1”, “Çıraq-1”, “Çıraq-2”, “Qamışlı”, “Soyuqbulaq”, “Meydan”, “Yuxarı Vəng” və “Zar” kimi enerji layihələri işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji istehsalının genişləndirilməsinə xidmət edir. Xüsusilə 22,5 meqavat gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının istismara verilməsi rayonun enerji potensialının reallaşdırılması baxımından əhəmiyyətli hadisədir. Bu layihələr təkcə enerji təminatına deyil, həm də regionun iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına və Azərbaycanın bərpaolunan enerji strategiyasının həyata keçirilməsinə töhfə verir. Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nümayiş etdirir. Dövlət başçısının 2022-ci il iyunun 26-da Kəlbəcərə səfəri zamanı “Kəlbəcər-1” Su Elektrik Stansiyasının və hərbi hissənin açılışı baş tutdu, Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərə, şəhərin Baş planına və “Çıraq-1” Su Elektrik Stansiyasına baxış keçirildi. Həmin səfər çərçivəsində İşğal və Zəfər muzeylərinin, Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun və sanatoriyasının təməli qoyuldu. Bu layihələr Kəlbəcərin gələcək inkişafının müxtəlif istiqamətlərini – tarixi yaddaşın qorunmasını, müasir idarəetməni, enerji istehsalını, sənayeni və turizmi əhatə etməsi ilə diqqət çəkirdi. Dövlət başçısının 2024-cü il sentyabrın 2-də Kəlbəcərə növbəti səfəri isə rayonda quruculuq işlərinin daha geniş miqyas aldığını bir daha nümayiş etdirdi. Səfər zamanı Tərtər çayı üzərində inşa edilmiş 22,5 meqavat gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı oldu, tarixi Xudavəng monastır kompleksinə baxış keçirildi. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi çərçivəsində dördüncü tuneldə görülən işlərlə tanışlıq zamanı ümumi uzunluğu 15,2 kilometr olan tunelin əhəmiyyəti diqqətə çatdırıldı. Kəlbəcər şəhərində inşa edilən ikinci yaşayış kompleksinə, 524 ailə üçün nəzərdə tutulan yaşayış kompleksinə, inzibati binaya, Təhsil Kompleksinə və modul tipli məktəbə baxış keçirilməsi şəhərin sosial infrastrukturunun formalaşdırılması istiqamətində görülən işlərin miqyasını göstərirdi. Səfər çərçivəsində “İstisu” mineral su zavodu, “Zar” Kiçik Su Elektrik Stansiyası, SCADA sistemi ilə idarə olunan Göygöl rayonundakı “Toğanalı” Kiçik Su Elektrik Stansiyası və “İstisu” yarımstansiyası istifadəyə verildi. Bu obyektlər Kəlbəcərin enerji, sənaye, turizm və yaşayış potensialının kompleks şəkildə inkişaf etdirilməsinə xidmət edir. Kəlbəcərdə bu gün aparılan genişmiqyaslı quruculuq işləri sadəcə dağıdılmış şəhərin və kəndlərin yenidən inşası deyil, həm də tarixi yaddaşın dirçəldilməsi, doğma yurda bağlılığın təcəssümü və gələcək nəsillər üçün yeni həyatın təməlinin qoyulmasıdır. Ucqar dağ yollarından müasir avtomobil tunellərinə, yenidən qurulan yaşayış məhəllələrindən enerji və sənaye müəssisələrinə, təhsil ocaqlarından turizm komplekslərinə qədər həyata keçirilən hər bir layihə Kəlbəcərin yeni inkişaf salnaməsinin səhifələridir. 25 Noyabr – Kəlbəcər şəhəri günü xalqımızın yaddaşında yalnız işğaldan azad olunmanın tarixi kimi deyil, həm də illərlə davam edən yurd həsrətinin ümidə, ümidin gerçəkliyə çevrildiyi gün kimi yaşayır. Bu tarix bizə bir daha xatırladır ki, Vətən anlayışı yalnız sərhədlərlə ölçülmür; Vətən doğma evin astanası, uşaqlıq xatirələrinin yaşadığı küçələr, ata-baba ocağı, hər daşı və qayası ilə insana doğma olan torpaqdır. Bu gün Kəlbəcərin zirvələrində azadlıq nəfəsi duyulur, yollarında quruculuğun səsi eşidilir, qoynunda yeni həyat formalaşır. Vaxtilə doğma yurdlarından ayrılmaq məcburiyyətində qalan insanların qayıdış arzusu artıq real addımlarla gerçəkləşir. Kəlbəcər yenidən qurulur, yenidən canlanır, öz tarixi və təbii gözəllikləri ilə Azərbaycanın gələcəyinə doğru inamla addımlayır. Kəlbəcərin azadlığı xalqımızın birliyinin, dövlətimizin gücünün və milli iradəmizin tarixə həkk olunmuş təntənəsidir. Bu torpağın hər qarışı uğrunda göstərilən fədakarlıq, şəhidlərimizin müqəddəs xatirəsi və qazilərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq. Bu gün Kəlbəcərin səmasında dalğalanan üçrəngli bayrağımız dünənin mübarizəsinin, bugünün Zəfərinin və sabahın əmin-amanlığının rəmzidir. 25 Noyabr – Kəlbəcər şəhəri günümüz mübarək! Qoy Kəlbəcərin əzəmətli dağlarında daim Zəfər ruhu dolaşsın, səmasında üçrəngli bayrağımız əbədi dalğalansın, hər doğan günəşi azadlığın, hər yeni sabahı dirçəlişin, hər daşı isə Azərbaycanın sarsılmaz dövlətçilik iradəsinin rəmzi olsun!
Həcərxanım Vəliyeva,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



