
25 Noyabr – Kəlbəcər Şəhəri Günü ilə əlaqədar Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və misilsiz təbii sərvətlərə malik bölgələrindən biri olan Kəlbəcər xalqımızın milli yaddaşında xüsusi yer tutur. Uca dağları, zəngin meşələri, mineral su mənbələri, qədim yaşayış məskənləri və tarixi abidələri ilə seçilən bu diyar Azərbaycanın təbii gözəlliyinin və tarixi zənginliyinin nadir nümunəsidir. Kəlbəcər torpağı minilliklərin izlərini özündə yaşadır. Bölgənin tarixi əhəmiyyəti arxeoloji tapıntılarla da təsdiqlənir. Ərazidə 30 min ildən artıq tarixə malik qədim yaşayış məskənləri, 6 min il yaşı olan qayaüstü təsvirlər, qədim türk əlifbasının nümunələri aşkar edilmişdir. Tərtər çayı boyunca qayalarda yerləşən süni mağaralar, daş abidələr və qədim mədəniyyət nümunələri bu ərazinin qədim sivilizasiya məkanlarından biri olduğunu göstərir. Kəlbəcərin adı da qədim türk dili ilə əlaqələndirilərək “çay üstündə qala” kimi izah edilir. 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. 3054 kvadratkilometr ərazini əhatə edən rayonun zəngin təbiəti, meşələri, dağları və mineral su ehtiyatları onu ölkəmizin mühüm təbii sərvət mərkəzlərindən birinə çevirir. Lakin bu gözəl diyar uzun illər işğalın ağır nəticələrini yaşadı. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər öz doğma sakinlərindən ayrı düşdü. İşğal zamanı dinc əhali böyük faciələrlə üzləşdi, yüzlərlə insan öldürüldü, əsir və itkin düşdü, minlərlə sakin doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Rayonun tarixi-mədəniyyət abidələri, məktəbləri, kitabxanaları, xəstəxanaları, yaşayış evləri və digər infrastrukturu dağıdıldı, milli-mədəni irsimizə ağır zərbə vuruldu. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu işğal BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsində də öz əksini tapdı. Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb edilsə də, Ermənistan bu tələbləri yerinə yetirmədi. Sonrakı illərdə işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması idi. Azərbaycan dövləti heç vaxt torpaqlarımızın işğalı ilə barışmadı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz güclü orduya, möhkəm iqtisadiyyata və beynəlxalq nüfuza malik dövlətə çevrildi. 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətini, xalqımızın birliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirdi. Döyüşlərin ilk günlərindən Kəlbəcərin şimal istiqamətində strateji yüksəkliklərin nəzarətə götürülməsi düşmənin hərbi imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu yüksəkliklərin ələ keçirilməsi Ermənistan silahlı qüvvələrinin hərəkətlərini iflic vəziyyətinə salmışdı. Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarıldı. Beləliklə, Kəlbəcər şəhəri və rayonun yaşayış məntəqələri işğaldan azad edilərək dövlətimizin suveren nəzarətinə keçdi. Bu hadisə Azərbaycan tarixində mühüm siyasi və diplomatik uğur kimi yadda qaldı. Kəlbəcərin boşaldılması zamanı erməni vandalizmi bir daha özünü göstərdi. Evlərin, meşələrin və digər mülki obyektlərin yandırılması, ətraf mühitə zərər vurulması işğalçı siyasətin əsl mahiyyətini nümayiş etdirdi. Lakin bütün bu dağıntılara baxmayaraq, Azərbaycan dövləti doğma torpaqlarımızı yenidən qurmaq və sakinlərin qayıdışını təmin etmək əzmini ortaya qoydu. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalının təsis edilməsi bu tarixi Zəfərin qəhrəmanlarının xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir. Prezident İlham Əliyevin sərəncamları ilə 9455 hərbi qulluqçumuz həmin medalla təltif olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən edilmişdir. Bu tarix artıq xalqımız üçün yalnız təqvim günü deyil, tarixi ədalətin bərpasının, milli iradənin və Böyük Qayıdışın rəmzidir. İşğaldan azad edilmiş Kəlbəcərdə bu gün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiq edilmişdir. Həmin plana əsasən şəhərin ərazisinin genişləndirilməsi, müasir yaşayış binalarının, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət və sosial obyektlərin inşası nəzərdə tutulur. Şəhərdə İşğal və Zəfər muzeylərinin yaradılması da tarixi yaddaşımızın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Kəlbəcərdə ilk yaşayış məhəllələrinin salınması və yeni yaşayış komplekslərinin inşası Böyük Qayıdış prosesinin real nəticələridir. 524 ailəlik yaşayış məhəlləsində müasir mənzillər, fərdi evlər, parklar, istirahət guşələri və sosial obyektlər yaradılır. Prezident İlham Əliyevin 21 avqust 2025-ci il tarixli səfəri zamanı doğma yurdlarına qayıtmış ailələrə mənzillərin açarlarının təqdim edilməsi bu qayıdışın ən unudulmaz anlarından biri oldu. Bölgənin kəndlərinin də yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilir. Yanşaq, Zallar və Zar kəndlərində yeni yaşayış evlərinin, məktəblərin və uşaq bağçalarının inşası, müasir infrastrukturun yaradılması planlaşdırılır. Bu layihələr Kəlbəcərin yalnız şəhər mərkəzində deyil, bütün rayon ərazisində həyatın yenidən canlanmasına xidmət edir. Kəlbəcərin gələcək inkişafında nəqliyyat infrastrukturunun xüsusi əhəmiyyəti vardır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi bölgənin ölkənin digər əraziləri ilə əlaqəsini daha da asanlaşdıracaq. Uzunluğu 82 kilometr olan yol üzərində inşa edilən tunellərdən xüsusilə Murovdağ tuneli diqqət çəkir. Uzunluğu 11,7 kilometr olan bu tunel mürəkkəb dağlıq relyefdə nəqliyyatın təhlükəsiz və rahat hərəkətini təmin edəcək mühüm mühəndislik layihəsidir. Rayonun zəngin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə kiçik su elektrik stansiyaları yenidən qurulur və yeniləri inşa edilir. “Kəlbəcər-1”, “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Yuxarı Vəng”, “Aşağı Vəng”, “Nadirxanlı”, “Çaykənd” və digər su elektrik stansiyalarının fəaliyyəti bölgənin enerji potensialının artırılmasına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Kəlbəcərin ən qiymətli təbii sərvətlərindən biri də məşhur İstisu mineral suyudur. 2024-cü ildə “İstisu” mineral su zavodunun açılması bölgənin iqtisadi potensialının inkişafında mühüm hadisə oldu. Müəssisənin illik istehsal gücünün 100 milyon şüşədən artıq olması, yerli sakinlərin işlə təmin edilməsi bu layihənin sosial-iqtisadi əhəmiyyətini daha da artırır. Eyni zamanda, “İstisu” Müalicə-İstirahət Kompleksinin yaradılması Kəlbəcərin gələcəkdə ölkəmizin mühüm turizm və sağlamlıq mərkəzlərindən birinə çevrilməsinə imkan verəcək. Prezident İlham Əliyevin azad edilmiş Kəlbəcərə mütəmadi səfərləri dövlətimizin bu bölgənin inkişafına verdiyi xüsusi önəmin göstəricisidir. 2021-ci ildən başlayaraq həyata keçirilən səfərlər zamanı mühüm infrastruktur layihələrinin təməli qoyulmuş, elektrik stansiyaları və digər obyektlər istifadəyə verilmiş, yaşayış komplekslərinin, yolların, məktəblərin və sosial obyektlərin tikintisi ilə tanışlıq olmuşdur. Bu səfərlər Kəlbəcərin gələcək inkişafının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir. Bu gün Kəlbəcər özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bir zamanlar işğalın, dağıntının və məcburi köçkünlüyün acılarını yaşayan bu torpaqda indi yeni evlər tikilir, yollar çəkilir, məktəblər və sosial obyektlər inşa edilir, ailələr doğma yurdlarına qayıdır. Hər bir tikinti layihəsi, hər bir yeni yaşayış məntəqəsi Azərbaycan xalqının öz torpaqlarına bağlılığının və dövlətimizin gücünün təcəssümüdür. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın yaddaşında tarixi ədalətin bərpası, qəhrəman Azərbaycan Ordusunun şücaəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş Zəfərin rəmzi kimi yaşayacaq. Kəlbəcərin yenidən qurulması və sakinlərinin doğma torpaqlarına qayıdışı bir daha sübut edir ki, Azərbaycan öz tarixi torpaqlarını qorumaqla yanaşı, onları daha gözəl, müasir və abad şəkildə gələcək nəsillərə təhvil vermək əzmindədir. Kəlbəcər yenidən qurulur, dirçəlir və doğma sakinlərinin gəlişi ilə öz tarixi həyatına qayıdır. Bu qayıdış Zəfərimizin, milli birliyimizin və güclü Azərbaycan dövlətinin təntənəsidir!
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru



