AnalitikaGündəmSiyasət

25 Noyabr – Kəlbəcər Şəhəri Günü

Kəlbəcər bizim üçün sadəcə coğrafi ərazi deyil, qədim tariximizin, zəngin mədəniyyətimizin və xalqımızın sarsılmaz iradəsinin canlı rəmzidir. Əsrlər boyu ulu əcdadlarımızın yurdu olan Kəlbəcər 1993-cü ilin aprelində işğal olundu və illərlə öz sakinlərindən ayrı düşdü. Lakin bu illər ərzində xalqımızın qəlbində Kəlbəcərə qayıdış inamı bir an belə sönmədi.

Mədəniyyətimizin izlərini daşıyan abidələri, bulaqları və uca dağları ilə Kəlbəcər hər zaman yurdumuzun ən dilbər və strateji guşələrindən biri olub. Tarix boyu bu torpaqlar həm təbii sərvətləri, həm də zəngin folkloru ilə milli kimliyimizin qorunmasında mühüm rol oynayıb. 1993-cü ildə baş verən işğal isə təkcə bir rayonun deyil, bütün xalqımızın yaddaşında, hətta mədəniyyətimizdə də sağalmaz yara açdı.

27 il davam edən işğal dövründə Kəlbəcər düşmən tapdağı altında qalsa da, dövlətimizin qətiyyətli mövqeyi və xalqımızın birliyi bu torpaqların əzəli sahibi olduğumuzu bütün dünyaya sübut etdi. Beynəlxalq səviyyədə qəbul olunan qərarların ermənilərin işğalçı mövqelərinə görə icra edilmədiyi illərdə Azərbaycan tarixi ədalətin bərpa olunacağı günə hazırlaşdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı Zəfər sayəsində 2020-ci il noyabrın 25-də Kəlbəcər Üçtərəfli bəyanata əsasən bir güllə belə atılmadan, düşmən işğalından azad edilərək əsl sahiblərinə qaytarıldı. Bu böyük qayıdış həm hərbi gücümüzün, həm də diplomatik qələbəmizin təntənəsi kimi tariximizə qızıl hərflərlə yazıldı. Sözsüz ki, bəyanata əsasən geri qaytarılan Kəlbəcər və digər torpaqlar bir daha dünyaya Azərbaycan siyasətinin dəqiqliyi və gücündən xəbər verdi.

Bu gün Kəlbəcər özünün yeni dirçəliş dövrünü yaşayır. Azadlığına qovuşan Vətən torpağında geniş quruculuq işləri aparılır, doğma yurdumuza həyat yenidən qayıdır. Bizlərin borcu bizə əmanət torpağımızı qorumaq və Kəlbəcəri daha da çiçəkləndirməkdir.

Kəlbəcər Şəhəri Günümüzü böyük qürurla qeyd edir, doğma torpağımıza əbədi sülh və tərəqqi arzulayırıq! 🇦🇿

Zərifə Qurbanova,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button