AnalitikaGündəmSiyasət

Azərbaycan–Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin, strateji tərəfdaşlığın və gələcək əməkdaşlıq perspektivlərinin əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlət başçısı müsahibəsində Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərin təxminən 70 illik tarixə malik olduğunu vurğulayıb. Bu dostluğun əsasının 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulduğunu, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərinin əməkdaşlığın inkişafında mühüm rol oynadığını qeyd edib.

Prezident İlham Əliyev iki ölkə arasındakı siyasi əlaqələrin son illərdə daha da möhkəmləndiyini bildirib. Xüsusilə, 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və həmin səfər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərin yeni mərhələyə yüksəlməsinin göstəricisi kimi qiymətləndirilib. Müsahibədə iqtisadi və ticarət əlaqələrinə də xüsusi diqqət ayrılıb. Energetika, sənaye, kənd təsərrüfatı, investisiya və nəqliyyat sahələri gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyənləşdirilib. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki əlverişli mövqeyi də yeni iqtisadi imkanlar yaradan amillər sırasında qeyd olunub.

Dövlət başçısı humanitar, elmi, təhsil və mədəni əlaqələrin xalqlar arasında dostluğun möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Sovet dövründə minlərlə Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması bu münasibətlərin tarixi və mənəvi əsaslarını göstərir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi sosial və təhsil layihələri də humanitar əməkdaşlığın mühüm nümunələrindəndir. Mədəni əlaqələrdən bəhs edilərkən Qara Qarayevin “Vyetnam süitası”, rejissor Əjdər İbrahimovun Vyetnam kinosunun inkişafına verdiyi töhfələr xüsusi qeyd olunub.

Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərin yalnız tarixi dostluqla məhdudlaşmadığını, siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə strateji tərəfdaşlığa çevrildiyini göstərir. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulan bu əməkdaşlıq hər iki ölkənin gələcək inkişafı üçün yeni perspektivlər açır.

Aygün Rəhimova,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button