
Azərbaycanın xarici siyasətində dost və tərəfdaş ölkələrlə münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və beynəlxalq əlaqələrin şaxələndirilməsi mühüm prioritetlərdəndir. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə qarşıdakı rəsmi səfər ərəfəsində verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlarla diqqət çəkir.
Vyetnam Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən dövlətlərindən biri kimi beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyini gücləndirir. Azərbaycan isə Cənubi Qafqazın mühüm enerji və logistika mərkəzi olaraq regional və qlobal əməkdaşlıqda fəal iştirak edir. Hər iki ölkənin coğrafi mövqeyi, iqtisadi potensialı və strateji imkanları qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır.
Azərbaycan və Vyetnam arasında münasibətlər uzunmüddətli tarixi dostluq üzərində qurulub. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri ilə daha da möhkəmlənən əlaqələr sonrakı dövrlərdə siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdirilib. Ümummilli Lider Heydər Əliyevin Vyetnamla münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfələr bu dostluğun tarixində xüsusi yer tutur.
2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi münasibətlərin inkişafında mühüm mərhələ olub. Sənədin imzalanması tərəflərin əməkdaşlığı daha geniş istiqamətlərdə inkişaf etdirmək, siyasi dialoqu dərinləşdirmək və iqtisadi əlaqələri yeni layihələrlə zənginləşdirmək niyyətini ortaya qoyub.
Prezident İlham Əliyevin qarşıdakı Vyetnam səfəri bu razılaşmaların praktiki müstəvidə inkişaf etdirilməsi, yeni təşəbbüslərin müzakirəsi və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Energetika, investisiya, nəqliyyat, logistika, sənaye, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələri tərəfdaşlığın inkişafı üçün geniş imkanlara malikdir.
Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyi və Vyetnamın iqtisadi inkişaf potensialı birgə layihələrin həyata keçirilməsi üçün əlavə üstünlüklər yaradır. Bu əməkdaşlıq yeni bazarlara çıxış, investisiya imkanlarının artırılması və biznes əlaqələrinin genişləndirilməsi baxımından hər iki ölkə üçün faydalı ola bilər.
Qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar üzərində qurulan Azərbaycan–Vyetnam münasibətləri gələcəkdə daha da inkişaf edəcək. Prezident İlham Əliyevin səfəri dostluq əlaqələrinin möhkəmləndirilməsi, strateji tərəfdaşlığın dərinləşdirilməsi və iki ölkə arasında yeni əməkdaşlıq mərhələsinin formalaşdırılması baxımından əlamətdar hadisə olacaq.
Şəhanə Yaqutova ,
YAP Xətai rayon təşkilatının fəalı


