
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin ictimai-siyasi həyatında mühüm proseslər baş vermişdir. Bu dövrdə hələ də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, hərbi təcavüzü səngimək bilmir, qeyri-sabit proseslər hökm sürürdü. Çətinliklə bərpa olunan dövlət müstəqilliyini qoruyub saxlamaq, ölkədə sabitliyi qorumaq, hüquqi dövlət quruculuğu istiqamətində qətiyyətli siyasi addımların atılması şərt idi.
Mürəkkəb və çətin proseslər fonunda ölkənin bir qrup tanınmış nümayəndələri bərpa olunan müstəqilliyimizin qorunub saxlanılmasında narahatlığını dilə gətirmək üçün yeni siyasi partiyanın yaradılmasının labüdlüyünün fərqində idilər. 1992-ci ildə Azərbaycanın bir qrup tanınmış nümayəndələri Ulu Öndər Heydər Əliyevə yeni siyasi partiyanın yaradılması və rəhbərliyi barədə müraciət etmişdir. Ölkənin siyasi həyatında mühüm tarixi hadisə və yeni siyasi xətt olan Yeni Azərbaycan Partiyasının yaradılması və rəhbərliyinə Heydər Əliyev müsbət cavab vermiş və təşkilati işlərə başlanılmışdır. Təşkilat Komitəsi yaranmış, təsis konfransı keçirilmiş və YAP-ın Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir. Öz üzərinə böyük tarixi missiyanı götürən Heydər Əliyev xalqın taleyinin, dinc və firavan həyatının təmin edilməsini də vəzifə kimi qəbul etmişdir. Eyni zamanda partiyanın ölkəmizin müxtəlif bölgələrində yerli təşkilatları yaradılmışdır.
Beləliklə, YAP-ın təsis konfransı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri olmuşdur. Partiyanın siyasi xətti dövlətçiliyin möhkəmləndirilməsi, hüquqi və demokratik addımlar atmaq və bununla da Azərbaycanın gələcək inkişafına töhfə vermək idi. Yeni tariximizin qürur səhifəsilərindən olan bu gün ümumxalq inamı gücləndirmişdir.
Bu gün bu inamlı siyasi xətti Prezident İlham Əliyev qətiyyətlə davam etdirir. Ali Baş Komandan İlham Əliyev bu siyasi missiyanın müzəffər davamçısıdır. YAP-ın VIII qurultayında çıxışında bildirmişdir: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir”. Beləliklə, Prezident İlham Əliyev dövlətçilik, azərbaycançılıq məfkurəsi, vətəndaş həmrəyliyi, Azərbaycanın beynəlxalq sistemdə layiqli yer tutması, hüquqi dövlət quruculuğu prinsiplərini əsas vəzifə, kimi müəyyənləşdirmişdir.
Məlikova Fərqanə,
Bakı Slavyan Universiteti Jurnalistika kafedrasının müəllimi



