Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu
Ölkəmizdə 2023-cü il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusu, xilaskarı, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur. Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan, hər zaman uca tutan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir. Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə işğal altında olan torpaqlarımızın azad olunmasına, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə çox böyük önəm verirdi.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu dünyaya gözəl şairlər və musiqiçilər bəxş etmiş, özünəməxsus, təkrarsız gözəlliyi olan Şuşanı azad görmək idi. Ümummilli Lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hələ 1982-ci il iyul ayının sonları, avqust ayının əvvələrində həmin vaxt Azərbaycan KP MK-nın birinci katibi olmuş Heydər Əliyevin Dağlıq Qarabağ Muxtar Vilayətinə səfəri, yerli sakinlərlə keçirilən görüşləri, Vaqif poeziya bayramında, Xurşudbanu Natəvanın abidəsinin açılışında iştirakı ,Üzeyir Hacıbəyovun evi-xatirə muzeyinə ziyarəti zamanı dediyi sözləri və tövsiyyələri öz səfalı yerləri, istirahət guşələri ilə könül oxşayan Şuşaya qarşı xüsusi diqqət və qayğısının göstəricisi idi. Şuşa Azərbaycanda hakimiyyətdə olan və ya hakimiyyətə gəlməyə çalışan bir çoxlarının xəyanəti nəticəsində işğal olunmuşdu. Şuşa Azərbaycanin ən qədim guşəsidir. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə, iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpaqlarının sahibləri olublar. Ona görə də Şuşanın azad edilməsi həqiqətən də bizim ruhumuzun nümayişidir. Umumilli liderin siyasətini uğurla davam etdirən Prezident Ilham Əliyev Şuşanı duşməndən azad etdi. Atasının vəsiyyətini yerinə yetirdi və Ulu Öndərin arzusunu gerçəkləşdirdi. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir. Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri sıfırdan yenidən qurulur.
Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Bu gün Azərbaycan inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdü. Azərbaycanın sülh danışıqlarına başlamaq təşəbbüsü, kommunikasiyaların açılması Ermənistanın da marağına xidmət edir. Əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq.
Səbuhi Mehtiyev,
Xəzər rayonu, 230 nömrəli məktəbin direktor müavini



