
Azərbaycanın xarici siyasətində müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsi və yeni iqtisadi tərəfdaşlıqların qurulması mühüm istiqamətlərdən biridir. Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən dövlətlərindən olan Vyetnamla münasibətlər də Azərbaycanın bu siyasətində xüsusi yer tutur. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə dövlət başçısının gözlənilən rəsmi səfəri ərəfəsində iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətlərinə aydınlıq gətirib. Dövlət başçısı müsahibəsində Vyetnama səfərini səbirsizliklə gözlədiyini və bu səfərin qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm addım olacağına inandığını bildirib. Prezidentin fikirlərindən aydın olur ki, səfərin əsas məqsədlərindən biri mövcud siyasi münasibətləri iqtisadi və praktiki əməkdaşlıqla daha da zənginləşdirməkdir. Azərbaycan və Vyetnam arasında münasibətlərin təxminən 70 illik tarixi var. Bu müddət ərzində iki ölkə arasında siyasi dialoq, iqtisadi əlaqələr və humanitar əməkdaşlıq müxtəlif mərhələlərdən keçib. Xüsusilə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri münasibətlərin inkişafında mühüm mərhələ olub. Səfər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi iki ölkə arasında əlaqələrin yeni siyasi-hüquqi əsaslar üzərində inkişafına imkan yaradıb. Prezident İlham Əliyevin Vyetnama gözlənilən səfəri bu sənəddə nəzərdə tutulan əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi baxımından əhəmiyyətlidir. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi, hökumətlərarası komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması və müxtəlif dövlət qurumları arasında birbaşa əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Səfərin iqtisadi gündəliyində enerji əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Vyetnamın neft-qaz sektorunda uzunmüddətli əməkdaşlıq təcrübəsi mövcuddur. SOCAR və PetroVietnam arasında əlaqələrin inkişaf etdirilməsi, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı üzrə birgə fəaliyyət imkanları bu sahədə yeni perspektivlər yaradır. Bununla yanaşı, bərpaolunan enerji, sənaye və infrastruktur sahələri də qarşılıqlı maraq doğurur. Vyetnamın ROX Group şirkətinin Azərbaycanda tikinti, infrastruktur, günəş və külək enerjisi layihələrinə maraq göstərməsi bu istiqamətdə konkret biznes imkanlarının formalaşdığını göstərir. 2026-cı ilin sentyabrında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması gələcək investisiya əməkdaşlığı üçün zəmin yaradıb. Ticarət əlaqələrinin genişləndirilməsi də səfərin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirilə bilər. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstərici potensial imkanların tam reallaşdırılmadığını göstərir. İxrac və idxal imkanlarının genişləndirilməsi, sahibkarlar arasında əlaqələrin gücləndirilməsi və yeni bazarların araşdırılması qarşılıqlı iqtisadi münasibətlərin inkişafına təkan verə bilər. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi perspektivlərə malikdir. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində iştirakı Vyetnamın Avropa bazarlarına çıxışı üçün əlavə imkanlar yarada bilər. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən tranzit daşımalarının həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötməsi bu istiqamətdə əməkdaşlığın inkişaf potensialını nümayiş etdirir. Səfər çərçivəsində humanitar, təhsil və mədəniyyət əlaqələrinin də diqqət mərkəzində olması gözlənilən əməkdaşlığın çoxşaxəli xarakterini göstərir. Təhsil proqramları, universitetlərarası əlaqələr, tələbə mübadiləsi, mədəniyyət günləri və yaradıcı layihələr iki xalqın bir-birini daha yaxından tanımasına xidmət edir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar təşəbbüslər də bu əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Azərbaycanın Cənubi Qafqazda, Vyetnamın isə Cənub-Şərqi Asiyada tutduğu mövqe iki ölkənin müxtəlif beynəlxalq iqtisadi və siyasi proseslərdə əməkdaşlıq imkanlarını artırır. Hər iki dövlətin yeni bazarlara çıxış, investisiyaların cəlb edilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və nəqliyyat marşrutlarının inkişafı ilə bağlı maraqları mövcuddur. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı əsas məqamlardan biri də əməkdaşlığın konkret nəticələrə istiqamətləndirilməsidir. Dövlət başçısının qeyd etdiyi kimi, iki ölkənin potensialından birgə istifadə etməklə yeni bazarlara çıxmaq, ortaq layihələr həyata keçirmək, biznes və investisiya üçün əlavə imkanlar yaratmaq mümkündür. Vyetnama rəsmi səfər bu baxımdan mövcud razılaşmaların praktiki müstəviyə keçirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və tərəflər arasında birbaşa əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli platforma rolunu oynaya bilər. Səfərin nəticələri Azərbaycan ilə Vyetnam arasında münasibətlərin gələcək inkişaf gündəliyinin formalaşmasında mühüm yer tutacaq.
Ələkbər Novruzov,
Xəzər rayonunun gənc fəalı, Bakı Avrasiya Universitetinin tələbəsi



