AnalitikaGündəmSiyasət

Diplomatik münasibətlərdən genişmiqyaslı tərəfdaşlığa

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə ölkəmizin xarici siyasət prioritetlərinin, Asiya istiqamətində əməkdaşlıq imkanlarının və Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivlərinin təqdim edilməsi baxımından diqqətəlayiq hadisədir. Müsahibə Prezidentin Vyetnama rəsmi səfəri ərəfəsində yayımlanmaqla iki ölkə arasında mövcud siyasi dialoqun, iqtisadi əlaqələrin və humanitar əməkdaşlığın geniş məzmununu əhatə edib. Bu müsahibənin əhəmiyyətini bir neçə istiqamətdə qiymətləndirmək mümkündür. İlk növbədə, burada Azərbaycan ilə Vyetnam arasında münasibətlərin tarixi əsasları və müasir siyasi məzmunu əlaqəli şəkildə təqdim olunur. Digər tərəfdən, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji sektorunda tərəfdaşlıq, nəqliyyat-logistika imkanları, investisiyaların cəlb edilməsi, təhsil və mədəni əlaqələrin inkişafı kimi məsələlər konkret faktlarla diqqətə çatdırılır. Müsahibənin əsas məzmunu göstərir ki, Azərbaycan xarici siyasətində coğrafi baxımdan müxtəlif regionlarla əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq münasibətlərinin qurulmasına və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin şaxələndirilməsinə önəm verir. Vyetnam istiqaməti bu baxımdan Cənub-Şərqi Asiya ilə əlaqələrin inkişafı üçün mühüm imkanlar yaradır.Azərbaycan–Vyetnam münasibətlərinin təxminən 70 illik tarixi iki xalq arasında formalaşmış dostluq ənənələrinə əsaslanır. Prezident İlham Əliyev müsahibəsində bu əlaqələrin başlanğıcını 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə əlaqələndirib. Həmin səfər Azərbaycan ilə Vyetnam arasında qarşılıqlı münasibətlərin tarixi yaddaşında xüsusi yer tutur. İkitərəfli əlaqələrin inkişafında 1983-cü il də mühüm mərhələ hesab olunur. Həmin vaxt Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri iki ölkə arasında əməkdaşlığın genişlənməsinə təkan verib. Səfərin səkkiz gün davam etməsi və Vyetnamın müxtəlif regionlarını əhatə etməsi iqtisadi, texniki və digər sahələrdə əlaqələrin inkişafına şərait yaradıb. Bu tarixi faktların bugünkü siyasi münasibətlər kontekstində xatırladılması xüsusi məna daşıyır. Çünki beynəlxalq münasibətlərdə uzunmüddətli dostluq ənənələri dövlətlər arasında qarşılıqlı etimadın formalaşmasına, siyasi dialoqun davamlılığına və yeni əməkdaşlıq təşəbbüslərinin reallaşdırılmasına müsbət təsir göstərir. Azərbaycanın xarici siyasətində tarixi əlaqələrin müasir tərəfdaşlıq mexanizmləri ilə tamamlanması mühüm istiqamətlərdən biridir. Vyetnamla münasibətlər də bu yanaşmanın nümunəsi kimi nəzərdən keçirilə bilər. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri və sonrakı illərdə dövlətlərarası təmasların genişlənməsi iki ölkə arasında münasibətlərin ardıcıl inkişaf tarixini formalaşdırıb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri və 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri bu əlaqələrin inkişafında mühüm mərhələlərdir. 2025-ci ildə qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin yeni siyasi-hüquqi çərçivəsini müəyyənləşdirib. Bu sənəd Azərbaycan–Vyetnam əməkdaşlığının enerji, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər istiqamətlərdə genişləndirilməsi üçün yeni imkanlar yaradıb. Beləliklə, tarixi dostluq münasibətləri müasir dövrdə siyasi dialoq və qarşılıqlı iqtisadi maraqlarla tamamlanır. Bu yanaşma Azərbaycan diplomatiyasının müxtəlif regionlarda uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmaq strategiyasının mühüm elementidir Müsahibənin mühüm siyasi istiqamətlərindən biri Azərbaycan ilə Vyetnam arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında əməkdaşlığın dərinliyi siyasi bəyanatlarla yanaşı, konkret institusional mexanizmlər, iqtisadi layihələr, qarşılıqlı investisiyalar və beynəlxalq platformalarda koordinasiya ilə ölçülür.Azərbaycan və Vyetnam arasında hökumətlərarası komissiyaların, parlamentlərarası dostluq qruplarının və müvafiq dövlət qurumlarının fəaliyyəti bu əməkdaşlığın institusional əsaslarını təşkil edir. Prezidentin müsahibəsində Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əlaqələrin də qeyd edilməsi siyasi münasibətlərin partiyalararası əməkdaşlıq müstəvisində də inkişaf etdiyini göstərir. Bununla yanaşı, iki ölkənin BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələri diplomatik əməkdaşlığın əlavə istiqamətləridir. Vyetnamın Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək verməsi müsahibədə xüsusi vurğulanıb. Prezidentin 44 günlük Vətən müharibəsi dövründə Vyetnamın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi nümayiş etdirdiyi mövqeyə diqqət çəkməsi də bu baxımdan əhəmiyyətlidir. Bu məqam dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinin rolunu ön plana çıxarır. Azərbaycanın xarici siyasətində suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət məsələləri əsas prinsiplər sırasındadır. Bu prinsiplərin müxtəlif beynəlxalq platformalarda müdafiəsi ölkəmizin diplomatik fəaliyyətinin mühüm istiqamətidir. Vyetnamla münasibətlərin inkişafı Azərbaycanın Cənub-Şərqi Asiya regionunda diplomatik və iqtisadi əlaqələrini genişləndirmək baxımından da əhəmiyyətlidir. Bu region dünya iqtisadiyyatında istehsal, ticarət, texnologiya, logistika və investisiya baxımından mühüm mövqeyə malikdir. Vyetnamın istehsal və ixrac potensialı, Azərbaycanın isə enerji və nəqliyyat-logistika imkanları qarşılıqlı iqtisadi maraqlar üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin müsahibəsində iqtisadi-ticari münasibətlərə geniş yer ayrılması Azərbaycan–Vyetnam tərəfdaşlığının praktiki istiqamətlərini müəyyənləşdirən əsas məqamlardandır. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bu göstərici qarşılıqlı iqtisadi əlaqələrin müəyyən səviyyədə inkişaf etdiyini nümayiş etdirsə də, mövcud potensialın tam reallaşdırılması üçün əlavə imkanların olduğunu göstərir. Azərbaycan–Vyetnam iqtisadi münasibətlərində ənənəvi əməkdaşlıq sahələrindən biri energetikadır. Hər iki ölkənin neft-qaz sektorunda müəyyən təcrübəyə və institusional imkanlara malik olması bu sahədə əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Qrupu (PetroVietnam) arasında əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. Bu əməkdaşlıq bir neçə baxımdan maraq doğurur. İlk növbədə, enerji şirkətləri arasında təcrübə mübadiləsi və texniki biliklərin paylaşılması hər iki tərəfin imkanlarını genişləndirə bilər. Digər tərəfdən, birgə layihələr yeni investisiya mexanizmlərinin yaradılması və enerji sektorunda uzunmüddətli iqtisadi əlaqələrin formalaşdırılması üçün imkan açır. Müasir enerji bazarında baş verən dəyişikliklər də bu əməkdaşlığın məzmununu genişləndirir. Dünya enerji sistemində ənənəvi karbohidrogen resursları ilə bərpaolunan enerji mənbələrinin paralel inkişafı, enerji təhlükəsizliyi, texnoloji yeniliklər və investisiya ehtiyacları dövlətlərin enerji strategiyalarına təsir göstərir. Azərbaycanın neft-qaz sənayesində topladığı təcrübə, enerji infrastrukturu və beynəlxalq enerji bazarlarında mövqeyi Vyetnamla əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Vyetnamın enerji istehlakının artması, sənaye istehsalının genişlənməsi və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki ehtiyacları da bu əlaqələrin perspektivini artırır. Burada vacib məqam enerji əməkdaşlığının yeni texnologiyalar, kadr hazırlığı və alternativ enerji layihələri ilə tamamlanmasıdır. Belə yanaşma tərəfdaşlığın uzunmüddətli iqtisadi əsaslarını möhkəmləndirə bilər. Müsahibədə diqqət çəkən digər məsələlərdən biri Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirak perspektivləridir. Prezident İlham Əliyev ROX Group şirkətinin tikinti, infrastruktur, günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsinə maraq göstərməsini ikitərəfli iqtisadi əlaqələrin mühüm istiqaməti kimi qeyd edib. 2026-cı ilin sentyabrında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ROX Group ilə müvafiq sənədlərin imzalanması bu marağın konkret iqtisadi təşəbbüslərə çevrilməsi baxımından əhəmiyyətlidir. Bu hadisənin iqtisadi məzmununu daha geniş kontekstdə qiymətləndirmək lazımdır. Azərbaycanın enerji strategiyasında bərpaolunan enerji mənbələrinin payının artırılması, günəş və külək enerjisi layihələrinin inkişafı, enerji infrastrukturunun yenilənməsi və xarici investisiyaların cəlb olunması mühüm yer tutur. Vyetnam şirkətlərinin bu istiqamətdə iştirakı texnologiya, investisiya və idarəetmə təcrübəsinin mübadiləsi üçün imkan yarada bilər. Eyni zamanda, Azərbaycan bazarına daxil olan xarici investorların fəaliyyəti yerli sahibkarlıq subyektləri ilə əməkdaşlıq, yeni iş yerlərinin yaradılması və iqtisadi fəaliyyətin genişlənməsi baxımından əhəmiyyət daşıyır. Bərpaolunan enerji sahəsində əməkdaşlıq Azərbaycan üçün enerji ixracatçısı mövqeyindən əlavə, gələcəkdə regional yaşıl enerji və enerji bağlantıları sistemində iştirak imkanlarını genişləndirmək baxımından da aktualdır. Burada investisiya layihələrinin real iqtisadi nəticələrə çevrilməsi, texniki-iqtisadi əsaslandırmanın düzgün aparılması, maliyyə mexanizmlərinin şəffaflığı və layihələrin davamlılığı xüsusi əhəmiyyət kəsb edir. İnvestisiya əməkdaşlığının uğuru imzalanan sənədlərin sayından daha çox onların konkret layihələrə və ölçülə bilən nəticələrə çevrilməsi ilə müəyyən olunur Prezident İlham Əliyevin müsahibəsində nəqliyyat və logistika məsələlərinə xüsusi diqqət ayrılması Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində tranzit imkanlarının artan əhəmiyyətini göstərir.Müsahibədə qeyd olunan məlumatlara əsasən, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanla Vyetnam arasında tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb. Bu göstərici iki ölkə arasında nəqliyyat-logistika əlaqələrinin genişlənməsi baxımından diqqətəlayiqdir. Azərbaycanın coğrafi mövqeyi onu Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşaqlarından birinə çevirir. Orta Dəhliz və Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin beynəlxalq yükdaşımalar sistemində iştirakını genişləndirən əsas marşrutlardır. Vyetnam kimi Cənub-Şərqi Asiyanın istehsal və ixrac potensialına malik ölkəsi üçün Avropa bazarlarına çıxış imkanlarının şaxələndirilməsi mühüm iqtisadi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın liman, dəmir yolu, avtomobil yolları və logistika infrastrukturu Vyetnam mallarının Avropa istiqamətində daşınması üçün əlavə imkanlar yarada bilər. Burada Azərbaycanın coğrafi mövqeyi iqtisadi üstünlüyə çevrilə biləcək strateji resurs kimi çıxış edir. Tranzit daşımalarının artması nəqliyyat xidmətləri bazarının genişlənməsinə, logistika şirkətlərinin fəaliyyətinə, liman və dəmir yolu infrastrukturunun yüklənməsinin artmasına, əlavə iqtisadi dəyərin yaradılmasına şərait yaradır. Mənim fikrimcə, bu istiqamətdə gələcək əməkdaşlığın əsas məsələlərindən biri Vyetnam şirkətlərinin Orta Dəhlizin imkanları barədə məlumatlandırılması, birgə logistika layihələrinin hazırlanması və yükdaşıma proseslərinin daha səmərəli təşkilidir. Bununla yanaşı, gömrük prosedurlarının optimallaşdırılması, rəqəmsal logistika sistemlərinin tətbiqi və daşımaların fasiləsizliyinin təmin olunması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın tranzit potensialı haqqında danışarkən bu imkanları coğrafi mövqe ilə məhdudlaşdırmaq olmaz. Əsas məsələ həmin mövqenin iqtisadi gəlirə, yeni investisiyalara və beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə çevrilməsidir.Müsahibədə kənd təsərrüfatı və sənaye sahələrinin də mümkün əməkdaşlıq istiqamətləri sırasında qeyd olunması xüsusi diqqətə layiqdir. Azərbaycan və Vyetnamın aqrar sahədə fərqli təbii-coğrafi şəraitə, istehsal istiqamətlərinə və bazar imkanlarına malik olması qarşılıqlı ticarətin genişləndirilməsi üçün zəmin yaradır. Vyetnam dünya bazarında düyü, qəhvə, dəniz məhsulları, tropik meyvələr və digər kənd təsərrüfatı məhsullarının mühüm istehsalçılarından biridir. Azərbaycan isə taxılçılıq, tərəvəzçilik, meyvəçilik, üzümçülük, heyvandarlıq və digər aqrar istiqamətlər üzrə istehsal potensialına malikdir. Bu fərqli istehsal strukturu qarşılıqlı ticarətin inkişafına imkan verir. Azərbaycan Vyetnam bazarına özünün rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarını çıxarmaq, Vyetnamdan isə müxtəlif ərzaq və sənaye məhsullarının idxalını genişləndirmək imkanlarını qiymətləndirə bilər. Bununla yanaşı, əməkdaşlığın daha dərin istiqamətləri də mövcuddur. Toxumçuluq, aqrar emal, suvarma texnologiyaları, torpaqların münbitliyinin qorunması, məhsuldarlığın artırılması, aqrar logistika və kənd təsərrüfatında rəqəmsal həllər birgə layihələr üçün perspektivli sahələrdir. Xüsusilə iqlim dəyişmələri, su ehtiyatlarının məhdudlaşması, torpaqların deqradasiyası və ərzaq təhlükəsizliyi məsələlərinin qlobal miqyasda aktuallaşdığı bir şəraitdə aqrar elmi əməkdaşlıq daha böyük əhəmiyyət qazanır. Azərbaycanın suvarılan əkinçilik təcrübəsi, torpaq və su ehtiyatlarının idarə olunması sahəsində elmi potensialı, Vyetnamın isə düyüçülük, tropik kənd təsərrüfatı, su təsərrüfatı və aqrar istehsal üzrə təcrübəsi qarşılıqlı elmi mübadilə üçün imkan yarada bilər. Bu sahədə universitetlər, elmi-tədqiqat institutları, aqrar müəssisələr və sahibkarlar arasında birbaşa əməkdaşlığın qurulması faydalı olardı. Birgə tədqiqatlar, mütəxəssis mübadiləsi, aqrar texnologiyaların sınağı və məhsulların emalı üzrə təşəbbüslər iki ölkənin iqtisadi münasibətlərinə əlavə məzmun qazandıra bilər. Azərbaycan–Vyetnam münasibətlərinin diqqətəlayiq xüsusiyyətlərindən biri humanitar əlaqələrin uzunmüddətli tarixə malik olmasıdır. Prezident İlham Əliyev müsahibəsində təhsil, mədəniyyət, xeyriyyəçilik və humanitar təşəbbüslərin iki xalq arasında dostluğun möhkəmləndirilməsindəki rolunu geniş şəkildə qeyd edib. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Fondun Vyetnamda həyata keçirdiyi humanitar təşəbbüslər, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisi və təhsil proqramlarına dəstək göstərilməsi iki ölkə arasında humanitar əməkdaşlığın konkret nümunələridir. 2025-ci ildə Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində keçirilən görüşlər, yaradıcı ziyalılarla və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla təmaslar da humanitar əlaqələrin genişləndirilməsinə xidmət edib. Təhsil sahəsində əməkdaşlığın tarixi daha qədimdir. Prezidentin müsahibəsində qeyd olunduğu kimi, sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb. Onların bir qismi sonradan öz ölkələrində müxtəlif sahələrdə fəaliyyət göstərərək əldə etdikləri bilik və təcrübəni tətbiq ediblər. Bu fakt təhsil diplomatiyasının uzunmüddətli əhəmiyyətini göstərir. Çünki xarici ölkədə təhsil alan insanlar gələcəkdə həmin ölkə ilə öz dövlətləri arasında elmi, iqtisadi, mədəni və ictimai əlaqələrin inkişafında körpü rolunu oynaya bilirlər. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması da bu tarixi əlaqələrin qorunması baxımından əlamətdar hadisədir. Açılışın To Lamın Azərbaycana səfəri və Ho Şi Minin anadan olmasının 135 illiyi ilə eyni dövrə təsadüf etməsi tədbirin simvolik əhəmiyyətini artırıb.Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaratdığı təhsil qrantları da Vyetnam vətəndaşları üçün mövcud imkanlar sırasındadır. Bu cür proqramların davam etdirilməsi gənclər arasında akademik əlaqələrin genişlənməsinə və gələcək mütəxəssislərin yetişməsinə töhfə verə bilər. Müsahibənin humanitar istiqamətində mədəniyyət məsələləri də geniş yer tutur. Azərbaycan və Vyetnam arasında mədəni əlaqələrin müxtəlif dövrlərdə formalaşmış nümunələri iki xalqın bir-birinin tarixi və mədəni irsinə marağını əks etdirir.Azərbaycanda ənənəvi olaraq keçirilən Vyetnam Günləri 2026-cı ildə yeni miqyas qazanaraq Bakı və Qəbələ şəhərlərini əhatə edib. Vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” adlı şeirlər toplusunun Azərbaycanda nəşr olunması da ədəbi əlaqələrin inkişafı baxımından diqqətəlayiq hadisədir. Bu münasibətlərin mədəni əsasları daha qədim tarixə gedib çıxır. 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev ilk sovet-vyetnam sənədli filmi üçün “Vyetnam süitası” əsərini yaradıb. Azərbaycan kinematoqrafiyasının tanınmış nümayəndəsi Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda yaşaması və fəaliyyət göstərməsi də iki ölkənin mədəni əlaqələri tarixində xüsusi yer tutur. O, Vyetnam milli kino məktəbinin inkişafına, yerli rejissor və aktyorların yetişdirilməsinə töhfə verib. Onun Vyetnama həsr etdiyi “Vyetnamda gördüklərim” kitabının vyetnam dilinə tərcümə olunması və 2026-cı ildə Hanoyda təqdim edilməsi bu əlaqələrin davamlılığını nümayiş etdirir. Humanitar münasibətlərin digər mühüm tərəfi çətin dövrlərdə qarşılıqlı dəstəkdir. Azərbaycan 2024-cü ildə Vyetnamda baş vermiş Yagi tayfununun, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımı göstərib. Bu nümunələr göstərir ki, dövlətlərarası münasibətlərin davamlılığı iqtisadi və siyasi maraqlarla yanaşı, humanitar həmrəylik, mədəni yaxınlıq və qarşılıqlı hörmət üzərində də qurulur.Prezident İlham Əliyevin 19–21 noyabr 2026-cı il tarixlərində Vyetnama rəsmi səfəri Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında mühüm siyasi hadisədir. 2014-cü ildən sonra Prezidentin Vyetnama ikinci rəsmi səfəri olan bu səfər 2025-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsindən sonra yeni mərhələyə təsadüfedir. Səfər çərçivəsində yüksək səviyyəli görüşlər, siyasi məsləhətləşmələr və müxtəlif sahələrdə sənəd mübadiləsi iki ölkənin əməkdaşlığı konkret istiqamətlər üzrə inkişaf etdirmək niyyətini göstərir. Bu səfərin regional və beynəlxalq əhəmiyyətini qiymətləndirərkən Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin yerini də nəzərə almaq lazımdır. Azərbaycan coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında əlaqələrin inkişafında iştirak edən dövlətlərdən biridir. Bu mövqe ölkəyə müxtəlif iqtisadi və siyasi mərkəzlərlə əməkdaşlığı genişləndirmək, beynəlxalq nəqliyyat marşrutlarında iştirakını artırmaq və yeni bazarlara çıxış imkanları yaratmaq imkanı verir.Vyetnamla strateji tərəfdaşlıq Azərbaycanın Cənub-Şərqi Asiyada iqtisadi və diplomatik əlaqələrinin genişlənməsinə xidmət edə bilər. Eyni zamanda, Vyetnam üçün Azərbaycanın Avropa bazarlarına çıxış imkanları, enerji infrastrukturu və regional logistika potensialı əhəmiyyətli əməkdaşlıq istiqamətləridir. Burada qarşılıqlı maraqların uzlaşdırılması əsas məsələdir. Dövlətlər arasında siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaratsa da, davamlı nəticələr konkret biznes təşəbbüsləri, investisiya mexanizmləri, institusional əlaqələr və qarşılıqlı bazar imkanlarının düzgün qiymətləndirilməsi ilə əldə olunur. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin keçmişini, bu gününü və gələcək inkişaf istiqamətlərini bir arada təqdim edən mühüm siyasi-diplomatik məzmun daşıyır. Müsahibədə səsləndirilən faktlar göstərir ki, iki ölkə arasında münasibətlər tarixi dostluq ənənələrindən strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Bu münasibətlərin gələcək inkişafı siyasi dialoqun davamlılığı, iqtisadi əlaqələrin şaxələndirilməsi, investisiya layihələrinin reallaşdırılması, enerji əməkdaşlığı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və humanitar əlaqələrin möhkəmləndirilməsi ilə sıx bağlıdır. Xüsusilə 150 milyon dolları ötən ticarət dövriyyəsi, SOCAR və PetroVietnam arasında əməkdaşlıq, ROX Group-un Azərbaycandakı layihələrə marağı və tranzit daşımalarında qeydə alınan artım tərəfdaşlığın iqtisadi məzmununun genişləndiyini göstərən konkret göstəricilərdir. Bununla yanaşı, bu göstəricilərin daha yüksək iqtisadi nəticələrə çevrilməsi üçün sistemli iş, yeni layihələr və biznes əlaqələrinin inkişafı vacibdir. Mənim qənaətimə görə, Azərbaycan–Vyetnam münasibətlərinin gələcək mərhələsində iqtisadi diplomatiyanın rolu daha da artacaq. Tarixi dostluq siyasi etimadın əsasını yaradır, iqtisadi əməkdaşlıq isə həmin etimadı uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığa çevirir. Bu prosesdə kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat, elmi-tədqiqat və texnologiya mübadiləsi kimi sahələrə xüsusi diqqət ayrılması məqsədəuyğun olardı.Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi müxtəlifregionlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini tələb edir. Vyetnamla münasibətlər də bu strategiyanın mühüm istiqamətlərindən biri kimi qiymətləndirilə bilər. Tarixi dostluq gələcək əməkdaşlıq üçün etimad yaradır. Siyasi dialoq həmin etimadı möhkəmləndirir, iqtisadi tərəfdaşlıq isə onu real nəticələrə çevirir. Azərbaycan–Vyetnam münasibətlərinin yeni mərhələsinin əsas məzmunu da məhz bu üç istiqamətin qarşılıqlı əlaqəsində formalaşır.

Fərid Mustafayev,    
YAP Yasamal rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button