
Azərbaycan və Vyetnam arasındakı münasibətlərin tarixi təxminən yetmiş illik dövrü əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 noyabr 2026-cı il tarixində Vyetnama rəsmi səfəri zamanı verdiyi müsahibədə bunu xüsusi olaraq vurğulamışdır. Bu münasibətlər ölkələrimiz arasında dostluğun və qarşılıqlı əməkdaşlığın uzunmüddətli inkişaf yolunu əks etdirir. Hələ 1959-cu ildə Vyetnam Prezidentinin Bakıya səfəri ölkələrimiz arasında əlaqələrin təməlini qoymuşdur. 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Vyetnama həyata keçirilən səfər dövlətlərarası münasibətlərin daha da inkişafına mühüm töhfə vermişdir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri münasibətlərin daha da möhkəmlənməsinə şərait yaratmışdır. Prezident İlham Əliyev müsahibəsində 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərinin iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğunu da qeyd etmişdir. Bu səfər çərçivəsində Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi qarşılıqlı əlaqələrin yeni səviyyəyə yüksəlməsinə zəmin yaratmışdır. Müsahibədə iqtisadi-ticari əməkdaşlıq, energetika, neft-qaz sənayesi, tikinti, investisiya, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi də diqqətə çatdırılmışdır. Xüsusilə Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki mövqeyi Vyetnamla iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır. İki ölkə arasında mədəni mübadilə, təhsil, universitetlərarası əlaqələr və birgə layihələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil təşəbbüsləri də bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığı da xüsusi qeyd etmək lazımdır. Bu əməkdaşlıq siyasi partiyalar arasındakı münasibətlərin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasındakı əlaqələr yalnız dövlət və hökumət səviyyəsində deyil, həm də hakim siyasi partiyalar arasında qarşılıqlı dialoq və əməkdaşlıq müstəvisində genişlənir. Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə dəstək göstərirlər. Dövlət başçısı İlham Əliyev Vyetnamın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd etmişdir. Azərbaycan və Vyetnam arasında tarixi dostluq ənənələrinə əsaslanan münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Qarşılıqlı etimad və əməkdaşlığa söykənən bu əlaqələr gələcəkdə də yeni perspektivlərin yaranmasına və iki xalq arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Əliəskərova Nuray,
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



