
Hər il noyabrın 20-si Azərbaycanda Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün bərpasının, tarixi ədalətin və milli birliyin rəmzlərindən biridir.
Ağdam şəhəri 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində şəhərin infrastrukturu dağıdılmış, tarixi və mədəni abidələrinə ciddi ziyan dəymiş, minlərlə sakin doğma yurdlarından məcburi köçkün düşmüşdür.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə nəticələndi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu həmin il noyabrın 20-də Azərbaycana qaytarıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 Noyabr Ağdam Şəhəri Günü təsis edildi.
Hazırda Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Müasir yaşayış binaları, yollar, təhsil və səhiyyə müəssisələri tikilir, tarixi-mədəni abidələr bərpa olunur. Ağdam Sənaye Parkının fəaliyyəti isə bölgənin iqtisadi inkişafına mühüm töhfə verir.
Ağdama keçmiş məcburi köçkünlərin qayıdışı Böyük Qayıdış Proqramının mühüm istiqamətlərindən biridir.
20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın iradəsinin, dövlətimizin gücünün, tarixi Zəfərimizin və Qarabağda başlayan yeni quruculuq mərhələsinin rəmzidir.
Şərifli Sübhan,
YAP Yasamal rayon təşkilatının Fəal gənci



