
1992-ci il noyabrın 21-də Azərbaycanın siyasi tarixində mühüm hadisə baş vermiş, Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilmişdir.
1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü Azərbaycanın dövlət müstəqilliyi üçün ciddi təhlükələr yaratmışdı. Belə bir şəraitdə ölkənin tanınmış ziyalıları yeni siyasi təşkilatın yaradılması təşəbbüsü ilə çıxış etdilər.
1992-ci il oktyabrın 16-da 91 nəfər Azərbaycan ziyalısı Ümummilli Lider Heydər Əliyevə müraciət edərək yeni partiyanın yaradılmasına rəhbərlik etməsini təklif etdi. Tarixə “91-lərin müraciəti” kimi düşən bu təşəbbüs partiyanın yaranmasında mühüm rol oynadı.
Nəticədə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfər nümayəndə iştirak etdi. Partiyanın Proqramı və Nizamnaməsi təsdiqləndi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
1992-ci il dekabrın 18-də Yeni Azərbaycan Partiyası rəsmi dövlət qeydiyyatına alındı.
Partiyanın yaradılması Azərbaycanın mürəkkəb siyasi şəraitində dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi və ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyırdı.
Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutur. 21 Noyabr tarixi isə partiyanın yaranma günü kimi qeyd olunur və müasir Azərbaycan siyasi tarixinin əlamətdar hadisələrindən biri hesab edilir.
Şərifli Sübhan,
YAP Yasamal rayon təşkilatının Fəal gənci



