AnalitikaGündəmSiyasət

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan növbəti dəfə Avropa Siyasi Birliyinin Zirvə Toplantısında yüksək səviyyədə təmsil olundu. İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Sammitinə qatılan Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər və bütün bu görüşlərin qarşı tərəfin xahişi ilə baş tutması Azərbaycanla dialoqa olan marağın göstəricisidir.

Ümumiyyətlə, Avropa Siyasi Birliyi son illərdə qitənin siyasi gündəliyində mühüm yer tutur. Bu tədbirə qatılan ölkələrin liderlərinə ortaq çağırışları müzakirə etmək, təhlükəsizlik, enerji, iqtisadiyyat və regional əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparmaq imkanı yaranır. Azərbaycanın bu prosesdə fəal iştirakı ölkəmizin Avropa siyasi məkanında etibarlı tərəfdaş və mühüm regional aktor kimi mövqeyini daha da möhkəmləndirir.

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. Bəyannamə iki ölkə arasında formalaşmış uzunmüddətli dostluq və əməkdaşlıq münasibətlərinə, eləcə də 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə və 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanır. Sənəd mövcud əməkdaşlıq istiqamətlərini daha geniş siyasi çərçivədə birləşdirməklə yanaşı, gələcək tərəfdaşlığın prioritetlərini və qarşılıqlı öhdəliklərini müəyyənləşdirir.

Azərbaycan və Böyük Britaniya arasında imzalanmış sənəddə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın, sərhəd idarəçiliyinin və hüquqi sahədə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin nəzərdə tutulması təhlükəsizlik anlayışına kompleks yanaşmanı əks etdirir. Burada məqsəd yalnız hərbi təhlükəsizlik imkanlarını artırmaq deyil, həm də hüququn aliliyini və dövlət institutlarının dayanıqlılığını möhkəmləndirməkdir. Bununla yanaşı, çoxtərəfli platformalarda əməkdaşlıq niyyətinin ifadə olunması tərəflərin beynəlxalq təhlükəsizlik məsələlərində ortaq maraqlar əsasında fəaliyyət göstərmək perspektivlərini genişləndirir.

Azərbaycan-Böyük Britaniya münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Xüsusilə enerji sektoru iki ölkə arasında iqtisadi əlaqələrin formalaşmasında mühüm rol oynamışdır. Bununla belə, yeni Bəyannamədə əməkdaşlığın bərpaolunan enerji, nəqliyyat, logistika, maliyyə, infrastruktur və xidmətlər kimi müxtəlif sahələri əhatə etməsi iqtisadi münasibətlərin daha geniş əsaslar üzərində inkişaf etdirilməsinə yönəlmiş yanaşmanı ortaya qoyur.

Azərbaycan və Böyük Britaniya arasında imzalanmış sənəddə ikitərəfli ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, bizneslərarası münasibətlərin təşviqi və yeni kommersiya tərəfdaşlıqlarının yaradılması əsas iqtisadi prioritetlər kimi müəyyən edilir. Bu baxımdan Böyük Britaniyanın maliyyə, texnologiya və xidmət sektorlarında təcrübəsi, Azərbaycanın isə əlverişli coğrafi mövqeyi, enerji resursları və regional nəqliyyat imkanları qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş potensial yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq platformalarda nümayiş etdirdiyi fəal və prinsipial diplomatik mövqe ölkəmizin dünya miqyasında nüfuzunun daha da möhkəmlənməsinə, milli maraqlarının ardıcıl şəkildə müdafiə olunmasına xidmət edir.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button