
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər uzunmüddətli dostluq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır. İllər ərzində inkişaf edən bu əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, təhsil və digər sahələri əhatə edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə olmuşdur. Bu sənəd qarşılıqlı etimadın möhkəmləndirilməsi və gələcək əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəyannamədə hər iki dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik əsas prioritetlər kimi müəyyən edilmişdir. Sənəddə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar da dəstəklənir.
Strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsidir. Tərəflər regional sabitliyin qorunması, ümumi təhlükəsizlik çağırışlarına qarşı mübarizə və hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişaf etdirilməsi barədə razılığa gəlmişlər.
İqtisadi əməkdaşlıq da bəyannamədə mühüm yer tutur. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı, infrastruktur layihələrinin dəstəklənməsi və Orta Dəhlizin imkanlarından səmərəli istifadə edilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bu istiqamətlər Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə və ölkəmizin tranzit imkanlarının artmasına töhfə verə bilər.
Təhsil, elm və innovasiya sahəsində əməkdaşlığın inkişafı da gələcəyə yönəlmiş mühüm addımdır. Universitetlər və elmi-tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsi, rəqəmsal texnologiyalar, süni intellekt və peşə təhsili üzrə təcrübə mübadiləsi hər iki ölkə üçün yeni imkanlar yaradacaqdır.
Bəyannamədə insanlararası əlaqələrin, mədəni mübadilənin və peşəkar əməkdaşlığın təşviqinə də xüsusi diqqət yetirilir. Çünki dövlətlər arasında möhkəm münasibətlərin qurulmasında xalqların qarşılıqlı anlaşması və dostluğu mühüm rol oynayır.
Nəticə etibarilə, Azərbaycan–Britaniya Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməsi ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu sənəd siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi imkanların genişləndirilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi və humanitar əlaqələrin inkişafı üçün mühüm zəmin yaradır. Əminliklə demək olar ki, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında qurulan bu tərəfdaşlıq gələcəkdə hər iki ölkənin inkişafına, eləcə də regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



