AnalitikaGündəmSiyasət

12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməli

Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin müstəqilliyini, suverenliyini, milli dövlətçilik ənənələrini və demokratik inkişaf yolunu özündə əks etdirən fundamental hüquqi sənəddir. Hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü xalqımızın hüquqi dövlət quruculuğu tarixində mühüm mərhələni xatırladır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu sənəd ölkəmizdə dövlət idarəçiliyinin, hakimiyyət bölgüsünün, insan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsiplərini təsbit etdi.

Konstitusiya yalnız qanunlar toplusu deyil, həm də dövlətlə vətəndaş arasında münasibətlərin hüquqi əsasını müəyyən edən, cəmiyyətin inkişaf istiqamətlərini formalaşdıran ali qanundur.

Bu gün Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi dayağı olmaqla yanaşı, ölkənin siyasi, iqtisadi və sosial inkişafının da əsas istiqamətlərini müəyyən edir. Konstitusiyada insan hüquq və azadlıqlarının qorunması, mülkiyyət hüququ, söz və fikir azadlığı, təhsil, əmək və sosial təminat hüquqları dövlətin başlıca vəzifələri kimi təsbit olunmuşdur.

Əsas Qanunun mühüm prinsiplərindən biri hakimiyyətin yeganə mənbəyinin xalq olmasıdır. Bu prinsip xalqın dövlət idarəçiliyində iştirakını, seçki və referendum vasitəsilə öz iradəsini ifadə etməsini təmin edən hüquqi əsasdır. Konstitusiyanın aliliyi, qanun qarşısında bərabərlik və hüquq normalarına hörmət hüquqi dövlətin əsas göstəriciləridir.

Müstəqillik illərində Azərbaycanda həyata keçirilən hüquqi və institusional islahatlar Konstitusiyanın müəyyən etdiyi prinsiplərin inkişafına xidmət etmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq referendumları ilə Əsas Qanuna əlavə və dəyişikliklər edilmiş, ölkənin dəyişən inkişaf tələblərinə uyğun hüquqi mexanizmlər təkmilləşdirilmişdir.

Bu gün Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün təmin olunması konstitusion prinsiplərin əhəmiyyətini daha da artırır. Dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, hüquqi dövlət quruculuğunun davam etdirilməsi və vətəndaşların rifahının yüksəldilməsi Konstitusiyanın müəyyən etdiyi fundamental məqsədlər sırasındadır

Konstitusiyaya hörmət yalnız Əsas Qanunun müddəalarını bilmək deyil, həm də hər bir vətəndaşın öz hüquq və vəzifələrini dərk etməsi, qanunlara əməl etməsi, cəmiyyət qarşısında məsuliyyətini anlaması deməkdir. Xüsusilə gənc nəslin hüquqi biliklərinin artırılması, vətənpərvərlik və vətəndaşlıq məsuliyyəti ruhunda yetişdirilməsi dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

12 Noyabr – Konstitusiya Günü Azərbaycan xalqının müstəqil dövlətçilik iradəsinin, hüquqi dövlət quruculuğu əzminin və gələcəyə inamının rəmzidir. Bu əlamətdar gün hər birimizi dövlətimizin hüquqi əsaslarına hörmətlə yanaşmağa, milli həmrəyliyi qorumağa və ölkəmizin inkişafına öz töhfəmizi verməyə çağırır.

Konstitusiyamız müstəqilliyimizin hüquqi təminatı, dövlətçiliyimizin möhkəm təməli və gələcək inkişafımızın yol xəritəsidir!

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button