AnalitikaGündəmSiyasət

2025-ci il – “Konstitusiya və Suverenlik İli”

Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasından sonra qarşısında duran ən mühüm vəzifələrdən biri milli dövlətçilik prinsiplərinə əsaslanan yeni Konstitusiyanın hazırlanması idi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda mübarizə, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü bu mühüm vəzifənin vaxtında həyata keçirilməsinə mane olurdu. Dövlət idarəçiliyində yaranmış boşluqlar, qanunçuluğun zəifləməsi və ictimai-siyasi sabitliyin pozulması müstəqilliyin gələcəyini təhlükə altına almışdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Ölkədə sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi və müstəqilliyin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Ulu Öndər yaxşı anlayırdı ki, güclü dövlətin mövcudluğu yalnız siyasi sabitlik və iqtisadi inkişafla deyil, eyni zamanda, dövlət hakimiyyətinin səlahiyyətlərini, vətəndaşların hüquq və azadlıqlarını, cəmiyyətlə dövlət arasındakı münasibətləri müəyyən edən möhkəm hüquqi baza ilə mümkündür. Buna görə də yeni Konstitusiyanın hazırlanması dövlət quruculuğu siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk milli Konstitusiya layihəsinin hazırlanması üçün xüsusi komissiya yaradıldı. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli qərarı ilə formalaşdırılan komissiyaya Ulu Öndər Heydər Əliyev sədrlik edirdi. Komissiyanın fəaliyyəti zamanı ölkənin tarixi dövlətçilik ənənələri, milli xüsusiyyətləri, beynəlxalq hüququn prinsipləri və müasir demokratik idarəçilik təcrübəsi nəzərə alınırdı. Konstitusiya layihəsinin hazırlanması geniş müzakirələr, hüquqi təhlillər və müxtəlif yanaşmaların qiymətləndirilməsi əsasında həyata keçirilirdi. Ulu Öndər prosesə şəxsən rəhbərlik edir, layihənin hər bir mühüm müddəasına diqqətlə yanaşır, sənədin xalqın iradəsini, milli maraqları və müstəqil dövlətin gələcək inkişaf məqsədlərini əks etdirməsinə xüsusi əhəmiyyət verirdi.
1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi. İlk milli Konstitusiyanın qəbul edilməsi Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda mühüm nailiyyəti idi. Konstitusiya həmin il noyabrın 27-də qüvvəyə mindi və müstəqil dövlətin hüquqi sisteminin formalaşması üçün möhkəm təməl yaratdı.
Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycan xalqı özünün gələcək inkişafı ilə bağlı fundamental prinsipləri təsdiqlədi. Əsas Qanunun preambulasında dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, demokratik quruluşa təminat verilməsi, vətəndaş cəmiyyətinin inkişafı, qanunun aliliyinə əsaslanan hüquqi və dünyəvi dövlət qurulması, hər kəs üçün layiqli həyat səviyyəsinin təmin edilməsi kimi ali məqsədlər bəyan olundu.
Azərbaycan Konstitusiyası dəyişməz sənəd olaraq qalmamış, cəmiyyətdə baş verən dəyişikliklərə və dövlətin inkişaf mərhələlərinə uyğun olaraq təkmilləşdirilmişdir. 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya müvafiq dəyişikliklər və əlavələr edilmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, demokratik institutların inkişafı və hüquqi mexanizmlərin müasirləşdirilməsi baxımından əhəmiyyət daşımışdır.
Konstitusiyanın qəbulundan sonra ötən dövr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, iqtisadi potensialının artması, beynəlxalq mövqelərinin güclənməsi və milli maraqlara əsaslanan müstəqil siyasətin həyata keçirilməsi ilə səciyyələnir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Güclü iqtisadiyyatın yaradılması, ordunun müdafiə qabiliyyətinin artırılması, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi və milli birliyin gücləndirilməsi dövlət suverenliyinin təmin olunmasında mühüm rol oynamışdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edən döyüşlərdən sonra Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Bu tarixi nailiyyət Azərbaycan Konstitusiyasının əsas prinsiplərindən biri olan dövlətin ərazi bütövlüyünün və suverenliyinin qorunması məqsədini təmin etmişdir.
Konstitusiyanın qəbulunun 30-cu ildönümünün qeyd olunduğu 2025-ci il bu baxımdan xüsusi tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi yalnız yubiley tədbirlərinin keçirilməsi ilə məhdudlaşmırdı. Bu il Konstitusiyanın mahiyyətinin, onun dövlət və cəmiyyət həyatındakı rolunun daha dərindən öyrənilməsi, vətəndaşların hüquqi maarifləndirilməsi, qanunun aliliyi prinsipinə hörmətin gücləndirilməsi və suverenliyin tarixi əhəmiyyətinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı. Prezidentin 2025-ci il fevralın 11-də təsdiq etdiyi Tədbirlər Planına əsasən Konstitusiyanın qəbulunun 30 illiyi münasibətilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda silsilə tədbirlər təşkil edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və qəbul edilməsi müstəqil dövlətimizin tarixində misilsiz əhəmiyyətə malik hadisədir. Bu proses Ümummilli Lider Heydər Əliyevin siyasi müdrikliyinin, qətiyyətinin və milli dövlətçilik ideallarına sadiqliyinin bariz nümunəsidir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə Konstitusiyamızın 30 illik tarixinə, dövlət suverenliyimizin tam bərpasına və Azərbaycanın gələcək inkişaf hədəflərinə verilən yüksək qiymətin ifadəsidir. Bu gün müstəqil, suveren və qüdrətli Azərbaycan Konstitusiyanın müəyyən etdiyi prinsiplərə əsaslanaraq gələcəyə doğru inamla irəliləyir. Əsas vəzifəmiz bu tarixi nailiyyətləri qorumaq, hüquqi dövlət quruculuğunu davam etdirmək, milli həmrəyliyi möhkəmləndirmək və gələcək nəsillərə güclü, müstəqil Azərbaycan miras qoymaqdır.

Daşqın Mikayılov,
YAP Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button