AnalitikaGündəmSiyasət

Qanunun aliliyi, hüququn təntənəsi

Hər bir müstəqil dövlətin möhkəm təməli, hüquqi dayağı və gələcək inkişafının əsas təminatı onun Konstitusiyasıdır. Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin hüquqi dövlət quruculuğu yolunda əldə etdiyi ən böyük nailiyyətlərdən birinin rəmzidir.

1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Bu tarixi hadisə ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, demokratik dövlət quruculuğunun inkişafı və hüquqi sistemin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşımışdır.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin idarəçilik prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, dövlət orqanlarının fəaliyyət istiqamətlərini və cəmiyyətin hüquqi əsaslarını müəyyən edir. Konstitusiyamızın əsas prinsiplərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasıdır. Hər bir insanın yaşamaq, təhsil almaq, işləmək, azad düşünmək, söz və vicdan azadlığı kimi fundamental hüquqları ali qanunla təmin olunur.

Konstitusiyanın qəbul edilməsi Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Bu sənəd ölkəmizdə qanunun aliliyinin təmin olunmasına, demokratik dəyərlərin inkişafına, milli birliyin və vətəndaş həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfə vermişdir.

Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də hər bir Azərbaycan vətəndaşının dövlət qarşısında hüquq və vəzifələrini müəyyən edən, cəmiyyətin sabitliyini və gələcəyini təmin edən ali qanundur. Onun müddəalarına hörmətlə yanaşmaq, qanunlara riayət etmək və hüquqi biliklərimizi artırmaq hər birimizin vətəndaşlıq borcudur.

 

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button